"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi istifadəyə verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib, ən müasir mətbəə avadanlıqları quraşdırılıb, maddi-texniki baza gücləndirilib. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, mərkəz sərgi-satış zalından, 2 iş otağı və anbardan ibarətdir. Burada təmir işləri aparılıb, fiber-optik internet və telefon xətti çəkilib, müasir barkod aparatı və kompüter alınıb, video-nəzarət sistemi quraşdırılıb. Zalda “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbiyyatlar”, “Naxçıvan Muxtar Respublikasına həsr olunmuş elmi ədəbiyyatlar”, “Oxunması zəruri olan kitablar”, “Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvlərinin əsərləri”, “Məktəbli ləvazimatları” olmaqla, 5 bölmə yaradılıb.

Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunan elmi ədəbiyyatlar, oxunması zəruri olan  kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan 15 minə yaxın məhsul satışa çıxarılıb. Həmçinin burada “Nəşriyyat xidmətləri” bölməsi yaradılıb, mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları qoyulub. Mərkəzdə 3 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri mərkəzin əhəmiyyətini vurğulayaraq deyib: Muxtar respublikada nəşriyyat işi yüksək səviyyədə təşkil olunub. Bu da mətbəə mədəniyyətinin formalaşmasının və ümumi inkişafın göstəricisidir. Artıq muxtar respublikada məktəbli ləvazimatlarının, idarə və müəssisələrə aid blankların çapı həyata keçirilir. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunan məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə təmin etməkdən ibarətdir. Birlik geniş imkanlara malikdir və bundan da səmərəli istifadə olunmalıdır. Qazanılan təcrübə imkan verəcəkdir ki, dəftərxana ləvazimatları təminatı bir yerdən həyata keçirilsin, standartlara uyğun və keyfiyyətli məhsullar istehsal olunsun, büdcə təşkilatları isə  dəftərxana ləvazimatları ilə təmin olunsun. Mərkəzin fəaliyyət göstərməsi həm də muxtar respublikanın tanıdılmasında böyük əhəmiyyətə malik olacaqdır. Çünki burada ölkəmizin və Naxçıvanın tarixini, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən kitablar satışa çıxarılıb.

"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyətə başlaması yenilikdir", - deyən Ali Məclisin Sədri bildirib ki, mətbəə işinin müasir tələblər səviyyəsində qurulması bu gün  muxtar respublikada nəşr olunan  bütün qəzetlərin yüksək keyfiyyətlə çapına, həmçinin kitabların müasir tələblərdə nəşrinə imkan verir. Ali Məclisin Sədri dövlət idarə və müəssisələrinə aid dəftərxana ləvazimatlarının qanunvericiliyə uyğun hazırlanması və mərkəzin fəaliyyətinin təşkili  barədə müvafiq tapşırıqlar verib.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Pərvin Məmmədov kollektiv adından minnətdarlıq edib, yaradılan şəraitdən səmərəli istifadə etməklə fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaqlarına söz verib.

Sonra Ali Məclisin Sədri Kitab Evindəki digər dəftərxana ləvazimatları, eləcə də idman mallarının satış mərkəzlərində də olub, göstərilən xidmətlərlə maraqlanıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: