Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verib.
Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılır. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Digər mühüm məqam respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Bu layihələr bütün bölgələri əhatə edir. Şamaxı rayonunda Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verildi ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və yola asfalt döşənmədiyi üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Bu vəsait hesabına Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.
Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq.
Digər xəbərlər