Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğulayıblar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildiriblər, böyük nailiyyət münasibətilə dövlətimizin başçısını bir daha təbrik ediblər.

Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini deyib. Dövlətimizin başçısı bildirib ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Azərbaycan Prezidenti bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırıb.

Qonaqlar ermənilərin dağıtdıqları tarixi abidələri və törətdikləri vandalizm aktlarını öz gözləri ilə gördüklərini bildiriblər.

Dövlətimizin başçısı mürəkkəb relyefə malik olan Şuşa şəhərinin Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və şücaəti hesabına azad olunduğunu deyib. Prezident İlham Əliyev Vətən müharibəsindəki Qələbədən sonra Cıdır düzündə bir çox tədbirlərin təşkil olunduğunu, burada musiqi festivallarının keçirildiyini qeyd edib.

Sonra dövlətimizin başçısı qonaqlarla birlikdə Cıdır düzündə xatirə şəkli çəkdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: