Türkiyənin Anadolu Agentliyi 8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi barədə müfəssəl məlumat verən zəngin məzmunlu infoqrafika yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mövzu ilə bağlı davamlı xəbərlər hazırlayan agentlik hazırladığı infoqrafikada təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və fasiləsiz hərbi təxribatları nəticəsində başlanan Vətən müharibəsinin şanlı Zəfər yolu təqvimlər üzrə türkdilli ictimaiyyətə təqdim olunur. Həmçinin diqqətə çatdırılır ki, sentyabrın 27-də başlanan müharibə noyabrın 10-da təcavüzkar dövlətin qəbul etdiyi kapitulyasiya aktı nəticəsində başa çatmış və işğalçı qüvvələrin son hissəsi noyabrın 30-da Azərbaycanın Laçın rayonunu tərk etmişdir.
Məlumat verilir ki, pilotsuz silahlı uçuş aparatlarından məharətlə istifadə edən Azərbaycan Ordusu 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşməndən azad edərək təcavüzkarı təslim olmağa məcbur edib. İşğalçı tərəf isə müharibə günlərində də terror aktları həyata keçirərək 94 Azərbaycan vətəndaşının həyatına son qoyub.