Muxtar respublikanın səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobilləri verilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyibdir: “Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir”. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas məsələlərdəndir. Xüsusilə sakinlərin hərtərəfli tibbi xidmətlə təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, aparılan ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini xeyli yüksəldib və əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaranıb. Səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması məqsədilə avadanlıq və texnikaların alınması işi ilbəil davam etdirilir, kadr hazırlığına xüsusi diqqət göstərilir. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiyanın muxtar respublikada geniş yayılmasının qarşısı alınıb. Bu gün Ali Məclis Sədrinin tapşırığı ilə səhiyyə müəssisələrinə alınan yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da bu istiqamətdə görülən işlərin davamı, vətəndaşların sağlamlığına göstərilən qayğının əyani ifadəsidir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada səhiyyə sahəsində görülən işlər icbari tibbi sığortanın tətbiqinə şərait yaradıb, tibbi xidmətin səviyyəsi yüksəlib, səhiyyə xidməti hər bir vətəndaş üçün əlçatan olub. Yaradılan şəraitin nəticəsidir ki, pandemiya ilə mübarizə tədbirləri muxtar respublikada mütəşəkkil təşkil olunub. Belə ki, həkim hazırlığı və maddi-texniki təminat gündəlik müraciət edən xəstələrin müalicəsinin hərtərəfli təşkilinə, mövsümi xəstəliklərin qarşısının alınmasına, peyvəndlərin vaxtında vurulmasına və digər səhiyyə xidmətlərinin göstərilməsinə imkan verdi. Bütün bunlar böyük nailiyyətlərdir.

Ali Məclisin Sədri deyib: Hər bir ölkə üçün ən vacib məsələ insanların həyatının qorunmasıdır. Bu gün ölkəmizdə ən qiymətli sərvətimiz olan insanların həyatının qorunması, onların sağlam yaşayışlarının təminatı diqqətdə saxlanılır, səhiyyə inkişaf etdirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Artıq muxtar respublika əhalisi tibbi sığortadan yararlanır. İstər ucqar dağ kəndlərində,  istərsə də şəhər mərkəzlərində səhiyyə müəssisələri üçün lazımi şəraitin yaradılması, tibbi avadanlıqların quraşdırılması, həkim hazırlığı və profilaktik tədbirlərin görülməsi muxtar respublikada mövsümi xəstəliklərin yayılmasının qarşısını alıb.

Qeyd olunub ki, pandemiya dövründə əhaliyə evlərdə səhiyyə xidmətinin göstərilməsinə ehtiyac yaranıb. Məhz muxtar respublikada  virusun qarşısının alınmasının bir səbəbi də evlərdə karantin rejiminin tətbiqi və müalicənin təşkili olub. Bunun üçünsə lazımi maşınlar və avadanlıqlar lazımdır. Son 2 il ərzində muxtar respublikanın səhiyyə müəssisələrinə tələbata uyğun təcili tibbi yardım maşınları verilib. Bu gün isə növbəti avtomobillər təqdim olunur. Səhiyyə işçiləri bunlardan səmərəli istifadə etməli, xəstələrin evdə müalicəsi və xəstəxanalara vaxtında çatdırılması düzgün təşkil olunmalıdır.

Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizədə iştirak edən bütün həkimlərə və tibb işçilərinə, baytarlıq təbabəti xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra avtomobillərin açarları təqdim olunub, yeni alınan təcili tibbi yardım avtomobillərinə baxış olub.

Məlumat verilib ki, səhiyyə müəssisələri üçün alınan “Mersedes” və “Fiat Ducato” markalı təcili tibbi yardım avtomobilləri ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz edilib. Avtomobillərin salonunda daşınan xəstənin rahatlığı və müdaxilələrin keyfiyyətlə aparılması üçün havalandırma, havaqızdırıcı, kondisioner, oksigen və işıqlandırma sistemləri quraşdırılıb. Təcili tibbi yardım avtomobilləri xəstələnmə və travmalarda yerində ilk tibbi yardımın göstərilməsində və ağır hallarda tibbi müdaxilə altında xəstələrin yüksək ixtisaslaşmış səhiyyə müəssisələrinə rahat daşınmasında mühüm rol oynayacaqdır. Yeni avtomobillərin Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə, Diaqnostika-Müalicə Mərkəzinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, rayon mərkəzi və sahə xəstəxanalarına verilməsi nəzərdə tutulub.  

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının baş həkimi Zəbur Bağırov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq edib, bundan sonra da əhalinin sağlamlığının keşiyində duracaqlarını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: