Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlanıb və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edilib.

Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirilib.

Görüşdə bu gün açılışı olacaq Həştərxan İşgüzar Mərkəzinin əhəmiyyəti qeyd edilib, Bakı ilə Həştərxan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı ölkəmizin Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Sonda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: