Peşə məktəblərinin diaqnostik qiymətləndirmədən keçən müəllimlərinin əməkhaqları artırılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 17-də "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".