Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib - FOTOLAR
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib.
NUHÇIXAN xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti dövlət iqamətgahının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç birgə foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri birgə işçi nahar etdilər.