Muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti barədə müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, həmin tarixli Sərəncamına əsasən isə Zahid Əjdər oğlu Gözəlov Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin ediliblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov muxtar respublikanın daxili işlər orqanlarında yol verilən nöqsanlar barədə çıxış edib.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov muxtar respublikanın daxili işlər orqanlarının yeni ştat strukturu barədə çıxış edib, yol verilən nöqsanları aradan qaldıracaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb, müasir və inkişaf etmiş ölkələr ilə müqayisə olunacaq səviyyəyə çatdırılıb. Bu gün muxtar respublika yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də mövcud sabitlik və əmin-amanlığa görə də fərqlənir. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, cinayətkarlığın dinamikasında da aşağı tendensiya müşahidə olunur. Qanunsuz saxlanılan silahların yığılması hesabınadır ki, onun tətbiqi ilə törədilən cinayətlərə rast gəlinmir. İl ərzində qeydə alınan hüquqazidd əməllərin əksəriyyətini bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən cinayətlər təşkil edir. Əhalinin hər 100 min nəfərinə nisbətdə baş verən cinayət hadisələrinin sayı orta göstəricidən dəfələrlə azdır. Lakin yaradılan şərait və göstərilən dövlət qayğısı düzgün qiymətləndirilməyib, ciddi nöqsanlara yol verilib. Buna görə də ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyəti yenidən qurulmalıdır.
Ali Məclisin Sədri tapşırıb ki, nazirliyin yeni ştat strukturuna uyğun fəaliyyət tənzimlənməli, nöqsanların aradan qaldırılması üçün islahatlar davam etdirilməlidir. Polisin əsas vəzifəsi ictimai təhlükəsizliyi və sabitliyi, insanların həyatını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir. Bu vəzifələri həyata keçirərkən polis qətiyyətli, qorxmaz olmalı, səlahiyyət həddini aşmamalı, verilən səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməlidir. Yeni ştat strukturunda da əsas diqqət yerlərdə polis sahə müvəkkillərinin fəaliyyətinin gücləndirilməsinə yönəlib. Nazirlik sahə müvəkkillərinin fəaliyyətinin qurulmasına diqqəti artırmalı, onların xidməti stimullaşdırılmalı, iş rejimi yaxşılaşdırılmalıdır.
Ali Məclisin Sədri deyib: Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş verən, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir. Sahə inspektorunun ən mühüm işi inzibati sahənin pasportunu tərtib etməkdir. Pasport xidmətin düzgün qurulmasına və sahə inspektorları dəyişdirilərkən xidmətin ardıcıllığının təmin olunmasına, asan idarəçiliyə imkan yaradır. Nəzərə alınmalıdır ki, inzibati sahənin pasportu ciddi xidməti sənəddir. Nazirliyin ictimai təhlükəsizlik idarəsi və yerli polis orqanlarının rəhbərləri polis sahə inspektorlarının fəaliyyətini ciddi nəzarətdə saxlamalı, verilən tapşırıqların icrasını təmin etməlidirlər. Sahə inspektorlarının fəaliyyətinin nəticələri hər ay ümumiləşməli, müzakirə olunmalı, nöqsanlar müəyyən edilməli, müvafiq istiqamətlər verilməlidir. Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir. Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılan şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır.
Bildirilib ki, yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi nazirliyin fəaliyyətinin əsas hissələrindən biridir. Naxçıvan şəhərində “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin və magistral yollarda videonəzarət kameralarının quraşdırılması nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təşkil olunmasında, hadisələrin operativ və obyektiv araşdırılmasında, yol hərəkəti qaydalarını pozmuş şəxslərin aşkarlanmasında mühüm rol oynayır. Nazirliyin aid qurumu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparıb təkliflər verməli, bu sahədə aidiyyəti orqanlarla əlaqəli işləməli, hərəkəti nizamlayan texniki və elektron vasitələrin quraşdırılması, dəyişdirilməsi, ləğv edilməsi, təkmilləşdirilməsi üçün təşəbbüskarlığını artırmalıdır. Muxtar respublikada nəqliyyat sıxlığının artmasını nəzərə alaraq kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarının təbliği, maarifləndirmə işi gücləndirilməlidir. Nəqliyyat vasitələrində qanunsuz, konstruksiyada nəzərdə tutulmayan vasitələrin quraşdırılmasının qarşısı qətiyyətlə alınmalıdır.
Ali Məclisin Sədri deyib: Daxili işlər orqanlarının əsas vəzifələrindən biri də insanların əmlakının, dövlət idarələri və obyektlərinin mühafizəsini təşkil etməkdir. Mühafizə polisi də işini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Muxtar respublikada əməliyyat-axtarış işinin, narkotiklərlə mübarizənin, mütəşəkkil dəstələr və cinayətkar birliklər tərəfindən törədilən cinayətlərin qarşısının alınması, dini ekstremizmlə mübarizə funksiyalarının həyata keçirilməsi Nazirliyin cinayət axtarış qurumlarının üzərinə qoyulub. Cinayət axtarış şöbəsinin statusunun artırılaraq idarəyə çevrilməsi və əvvəllər ayrılıqda fəaliyyət göstərən narkotiklərlə mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbələrinin bu idarəyə birləşdirilməsi yeni vəzifələr müəyyən etməklə, bu xidmətin daha operativ işləməsini zəruri etmişdir. Cinayət törətmiş şəxslərin dərhal müəyyən olunması, əməliyyat fəaliyyətinin düzgün təşkil olunması, axtarışa verilmiş şəxslərin tutulması işi daha peşəkar qurulmalı, baş verə biləcək cinayətlərin qarşısının alınması və açılması üçün nazirliyin bütün qurumları birgə işləməlidirlər. Narkotiklərlə bağlı hüquqpozmaların qarşısının alınması və tutulan narkotik vasitələrin saxlanılmasında yol verilən nöqsanlar bir daha təkrarlanmamalı, narkotik vasitələr saxlanc üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təhvil verilməlidir. Nazirliyin müvafiq qurumları kriminogen durumun təhlili əsasında cinayətkarlığın dinamikası və strukturunda baş verən dəyişiklikləri qiymətləndirməli, əməliyyat şəraitinə operativ müdaxilə edilməlidir. Müasir dövrün təhlükəli əməlləri olan kibercinayətkarlıq, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, insan alveri, dini ekstremizm kimi cinayətlərin qarşısını almaq, bu sahədə digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birgə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək və məlumat mübadiləsi aparmaq ən mühüm vəzifələrdən olmalıdır.
Ali Məclisin Sədri deyib: Əməliyyat-axtarış fəaliyyətinin əsas iştirakçılarından olan Nazirliyin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin işi də gücləndirilməlidir. Bu qurum üçün hər cür şərait yaradılmasına baxmayaraq fəaliyyət düzgün qurulmamışdır. Ona görə də Nazirlik Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil edilməsi üçün tədbirlər görməlidir. Nəzərə alınmalıdır ki, bu qurum cinayətkarlığa qarşı mübarizədə və asayişin təmin olunmasında polis orqanları üçün əməliyyat marağı kəsb edən faktlar və şəxslər barədə məlumatlar əldə edilməsini həyata keçirir. Bunlar nəzərə alınaraq şöbə əməkdaşlarının digər fəaliyyətlərə cəlb olunmasına yol verilməməli, əməliyyat-axtarış tədbirləri qanunauyğun sənədləşdirilməli, məxfilik təmin edilməli, şöbə funksional vəzifələrinin icrasını təmin etməlidir. Nazirlikdə kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılması nəzarətdə saxlanmalıdır. Şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirilməsi, müsbət təcrübənin yayılması təşkil olunmalı, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından istifadə edilməlidir. Kadrların yerləşdirilməsi və xidmətdən xaric olunmasında əvvəllər mövcud olmuş ədalətsiz yanaşmalar aradan qaldırılmalı, xidmətdə fərqlənən əməkdaşların irəli çəkilməsi, stimullaşdırılması qanunvericiliyə uyğun aparılmalıdır. Rayon-şəhər polis idarə və şöbə rəislərinin, habelə digər vəzifəli şəxslərin istəklərinə uyğun yerdəyişmə aparılması məhdudlaşdırılmalı, belə təkliflər araşdırılmalı, əsaslandırılmalı və nəticəsinə uyğun qərarlar qəbul edilməlidir. Nazirliyin rəhbərliyi şəxsi heyət tərəfindən xidməti intizama və qanunçuluğa riayət olunmasına ciddi nəzarət etməlidir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında da nizam-intizam və döyüş hazırlığı möhkəmləndirilməlidir. Şəxsi heyətin xidmətdənkənar işlərə cəlb olunmasına bir daha yol verilməməli, hərbi qulluqçuların xidmət-məişət şəraiti diqqətdə saxlanmalıdır. Nazirlikdə analitik-planlaşdırma işi yaxşılaşdırılmalı, cinayətkarlığın strukturuna təsir göstərən faktorlar öyrənilməli, əməliyyat şəraiti, polis orqanlarının fəaliyyətinin nəticələri təhlil edilməli, icra intizamının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Nazirliyin xidmətlərinin idarəçilik, təşkilatçılıq fəaliyyəti, onların yerli qurumlara təsirinin səmərəliliyi artırılmalıdır. Vətəndaşların qəbuluna, şikayətlərinin araşdırılmasına diqqətlə yanaşılmalı, daha çox yerlərdə qəbullar aparılmalı, bununla bağlı polis sahə müvəkkillərinin fəaliyyəti gücləndirilməlidir. Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması üçün onların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi hallarına qarşı tədbirlər davam etdirilməli, gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanmalıdır. Bundan sonrakı dövrdə ilk növbədə yol verilən nöqsanlar aradan qaldırılmalıdır. Muxtar respublikada polis orqanlarının işgüzarlıq keyfiyyətləri artırılmalı, polis dövlətə və xalqa sədaqətlə xidmət etməli, insanların inam və etibarını qazanmalıdır.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər”, - fikirlərinin xidmətin təşkilində əsas götürülməsinin vacibliyini bildirərək deyib ki, daxili işlər orqanlarının əməkdaşları yaradılan şəraitdən, maddi-texniki bazadan səmərəli istifadə etməli, xidməti günün tələbləri səviyyəsində qurmalıdırlar.