Həkim ambulatoriyasında əhaliyə hərtərəfli səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də İbadulla kəndində Həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, fizioterapevtik kabinə, doğuş, manipulyasiya-peyvənd, mama, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Yaradılan şərait tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verir.
Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter Şərur rayonunun səhiyyə informasiya sisteminə qoşulub. Qeydiyyata alınan və müayinə olunan xəstələr haqqındakı məlumatlar, eyni zamanda, mərkəzə də ötürülür.
Bu ilin ötən dövründə İbadulla kəndində 17 uşaq doğulub. Hazırda 12 hamilə qadın qeydiyyatdadır və onlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda, peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunur.
Ali Məclisin Sədri İbadulla Kənd Həkim Ambulatoriyasının nümunə olduğunu bildirib, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.