Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kənd avtomobil yolu istifadəyə verilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur”.

Muxtar respublikada kənd yollarının yenidən qurulması da daim diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə avtomobil yolunun açılışını edib.

Ali Məclisin Sədri İbadulla kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: İbadulla kəndi muxtar respublikamızın abad yaşayış məntəqələri sırasına daxil oldu. Kənddə aparılan quruculuq işləri, yaradılan şərait ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitlik, iqtisadi islahatlar, düzgün yol ölkəmizin inkişafının əsas səbəbidir. Bu gün İbadulla kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, yol istifadəyə verildi. Kənddə dayanıqlı təbii qaz, elektrik və rabitə xidməti göstərilir. Yaradılan bu şərait hər bir sakinin rahatlığına xidmət edir. Sakinlərin vəzifəsi isə yaradılanları, qurulanları qorumaq, onlardan səmərəli istifadə etməkdir. Kəndin zəhmətkeş insanları torpaqları əkməli, yeni bağlar salmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd ağsaqqalı Ələkbər İsmayılov minnətdarlıq edərək deyib ki, aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Daimi işığımız, qazımız, rabitə xidmətimiz, internetimiz, rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. İllər öncə söyləmişdiniz ki, vaxt gələcək kəndlərdə ən hündür binalar məktəb binaları olacaq. Artıq bu fikriniz reallığa çevrilib. Övladlarımız ən müasir məktəblərdə təhsil alırlar. Kəndlərimizdə ən hündür binalar məktəb binalarıdır. Bu, bir daha təsdiq edir ki, təkcə bugünümüzə yox, gələcəyimizə də qayğı göstərirsiniz.

Sonra Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 5 kəndi birləşdirən avtomobil yolunun uzunluğu 17,6 kilometrdir. Yenidənqurma işləri aparılarkən yol yatağı genişləndirilib, asfalt örtük salınıb, 55 su keçidi qoyulub, 440 metrlik beton kanal çəkilib. Həmçinin kənddaxili yollar da yenidən qurulub, 30 kilometr yola qum-çınqıl qatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: