Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Qeyd edilib ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik hotel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq hoteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən hotellərin inşasına xüsusi diqqət göstərilir.
Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” hotelinin, həmin hotelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” hotelinin yenidənqurmadan sonra açılışı olub.