Biləsuvarda Gənclər Evi açılıb - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvar rayonunda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir.

İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası iki mərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: