Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranda sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Seyid İbrahim Rəisiyə başsağlığı məktubu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı məktubda qəza nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini bildirib.
Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar İran dövlətinin başçısına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, İranda Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarı iyunun 8-də qəzaya uğrayıb. Qəza nəticəsində 21 nəfər həlak olub, 50-dək sərnişin xəsarət alıb.