Prezident İlham Əliyev Moldovanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR

296

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Aleksandr Esaulenko Azərbaycan dilində deyib:

-Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğulayıb və konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlətimizin başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğuladı, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib.

Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdiriklərini vurğulayıb.

Dövlətimizin başçısı səfir Aleksandr Esaulenkonun fəaliyyəti dövründə əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Aleksandr Esaulenko Moldova Prezidenti Maya Sandunun dövlətimizin başçısına salamlarını və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Moldova Respublikasının rəhbərliyi Moldova-Azərbaycan dövlətlərarası münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə çox böyük diqqətlə yanaşır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş edib.

Səfir əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı təmasların rolunu vurğulayıb. Bu xüsusda, Moldovanın Baş naziri, parlament sədri və digər rəsmi şəxslərinin ölkəmizə səfərlərinin əhəmiyyətinə toxunub. Aleksandr Esaulenko vurğulayıb ki, Moldova siyasi, iqtisadi və digər sahələrdə Azərbaycanla əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: