Heydər Əliyev siyasi xəttinin bəhrələri - FOTOLAR
Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərində kompleks quruculuq işləri aparılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir”.
Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və kompleks inkişafı təmin edib. Ucqar dağ və sərhəd kəndlərimizdə yaradılan infrastruktur isə ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Aşağı Buzqovda yeni məktəb binasının açılışı olub
Oktyabrın 15-də Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Müəllimlərin əsas vəzifəsi cəmiyyətimiz, xalqımız, ölkəmiz üçün təhsilli gənclər yetişdirməkdən ibarətdir”,- fikrini xatırladaraq deyib: Dahi şəxsiyyətin müəyyənləşdirdiyi bu vəzifə müəllimlərin əsas fəaliyyət istiqamətidir. Çünki gələcəyimiz olan gənclərin hazırlanması müəllimlərin əməyindən və səyindən asılıdır. Dövlətin vəzifəsi isə müəllim və şagirdlər üçün lazımi şərait yaratmaqdır. Bu gün istifadəyə verilən Aşağı Buzqov kənd tam orta məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsindədir. Burada yaradılan şərait imkan verəcəkdir ki, müəllimlər şagirdləri hərtərəfli hazırlaya bilsinlər. Məktəbdə quraşdırılan elektron lövhələrdən, internetə çıxışı olan kompüterlərdən, laboratoriyalardan və digər tədris avadanlıqlarından səmərəli istifadə olunarsa, gənclərimiz də hərtərəfli hazırlanacaq, ölkəmizin və dünyanın istənilən ali məktəblərində, orta ixtisas və peşə məktəblərində təhsillərini davam etdirə biləcəklər.
Ali Məclisin Sədri deyib: Təhsil almaq hər bir gəncin gələcək həyatında, onun formalaşmasında mühüm rol oynayır. Təhsilsiz gənc həyatda müvəffəq ola bilməz. Bu mənada hər bir ölkənin və xalqın gələcəyinin əsası məktəblərdə qoyulur. Gənclərimiz də gərək onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etsinlər, yaxşı oxusunlar, yeni texnologiyaları mənimsəsinlər və özlərini gələcək həyata hazırlasınlar. Aşağı Buzqov kənd tam orta məktəbində yaradılan şərait şəhər məktəblərindən fərqlənmir. Bu da imkan verir ki, məktəbdə müasir tədris metodlarından istifadə olunsun, müəllim və şagirdlər ən son yeniliklər barədə məlumat ala bilsinlər. Yaradılan şəraitdən düzgün istifadə olunmalı, gənclər mütləq bir xarici dil öyrənməli, tariximizi, dilimizi yaxşı bilməlidirlər.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin də qənaətləndirici olduğunu bildirib, kollektivə təşəkkür edib və tədrisdə uğurlar arzulayıb.
Məktəbin direktoru Həsən Quliyev çıxış edərək deyib ki, muxtar respublikada genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davamı kimi, Aşağı Buzqov kəndində də müasir məktəb binası istifadəyə verilir. Təhsilə göstərilən qayğının daha bir ifadəsi olan məktəb binası tədrisin səmərəli təşkilinə imkan verəcəkdir. Həsən Quliyev minnətdarlıq edərək deyib ki, kollektiv yaradılan şəraitdən səmərəli istifadə edəcək, gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışacaq, savadlı və vətənpərvər gənclər yetişdirməklə etimadı doğruldacaqdır.
Sonra məktəb binasına baxış olub.
Məlumat verilib ki, 154 şagird yerlik 3 mərtəbəli məktəb binasında tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Yeni texnologiyaların tətbiqinə üstünlük verilməsinin nəticəsidir ki, məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kompüter otağı, tədris proqramına uyğun avadanlıqlarla təchiz olunmuş kimya-biologiya və fizika laboratoriyaları müəllim və şagirdlərin istifadəsinə verilib. Kompüter otağında 15 kompüter quraşdırılıb və internetə qoşulub.
Müasir hərbi kabinə, şahmat sinfi, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı da dərslərin səmərəli keçirilməsinə imkan verəcəkdir. Məktəbin kitabxana fondunda 880-i dərslik və 1462-si bədii ədəbiyyat olmaqla, 2342 kitab vardır. Həmçinin burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Ali Məclisin Sədri idman zalında, hərbi kabinədə və laboratoriyalarda yaradılan şəraitlə tanış olub, kitabxana işçiləri üçün kursların keçirilməsi və elektron dərsliklərdən istifadəyə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə 213 təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilib.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: Müasir məktəb binası gənclərimizi gələcəyə hazırlayan təhsil abidəsidir. Bu il təyinatla iki gənc müəllim Aşağı Buzqov kənd tam orta məktəbində işlə təmin olunub. Artıq gənclərimiz kəndlərdə işləməyə daha çox üstünlük verirlər. Bunun da əsas səbəbi kəndlərimizdə şəhər rahatlığının yaradılmasıdır. Şəhərlərimizdə də müasir məktəblər var. Lakin təmiz hava və səfalı təbiət kəndlərimizdədir. Bütün bunlarla yanaşı, yaradılan müasir infrastruktur da kənddə yaşamaq və işləmək üçün geniş imkanlar açır. Çünki yaxşı iş şəraiti həm də yaxşı əhval-ruhiyyə deməkdir. Vaxtilə gənclərimiz şəhər məktəblərində işləməyə daha çox üstünlük verirdilər. Lakin şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi gənclərin kəndlərdə məskunlaşmasına və işləməsinə geniş imkanlar açıb. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin hərtərəfli təhsil alması qayğısına qalmalıdırlar.
Yeni işlə təmin olunmuş gənc müəllim Surə Rəhimova minnətdarlıq edərək deyib: Sərhəd dağ kəndi olan Aşağı Buzqovda müasir məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdləri çox sevindirir. Kənd məktəbində yaradılan şərait şəhər məktəblərindən heç nə ilə fərqlənmir. Bu da tədrisin hərtərəfli təşkilinə imkan verir. Bu gün mənim üçün ikiqat sevinclidir. Ona görə ki, gənclərə göstərilən qayğıdan bəhrələnmiş, müəllimlərin işə qəbul imtahanlarında yüksək bal toplayaraq Aşağı Buzqov kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuşam. Dövlətimiz bu dağ kəndində gənc müəllimlərin işləməsi və yaşaması üçün hərtərəfli şərait yaradıb. Qarşımda bir vəzifə var. O da göstərilən qayğıya öz əməli işimlə cavab verməkdən, savadlı və vətənpərvər gənclər yetişdirməkdən ibarətdir.
Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.