Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilib - FOTOLAR
Sərhəd və dağ kəndlərinin inkişafında ən vacib amillərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu səbəbdən də muxtar respublikada avtomobil yollarının yenidən qurulması kənddən şəhərə doğru aparılır. Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolunun yenidən qurulması da bu tədbirlərin davamıdır.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb, onları kənddə aparılan quruculuq işləri və yeni yolun istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Aşağı Buzqov kəndi bu gün muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Kənddə şəhər rahatlığı yaradılıb. İstifadəyə verilən məktəb binası, həkim ambulatoriyası, kənd mərkəzi, yol, xidmət mərkəzi və aparılan abadlıq işləri sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Dağ və sərhəd kəndi olan Aşağı Buzqov etibarlı müdafiə olunur. Həmçinin kəndə fasiləsiz təbii qaz və elektrik enerjisinin verilməsi, rabitə xidmətinin göstərilməsi, sürətli internet təminatı imkan verir ki, insanlar öz vaxtlarını təsərrüfatlarına sərf etsinlər. Aparılan quruculuq işləri məskunlaşmanı daha da artıracaq, ailə təsərrüfatları böyüyəcək, kəndin əsas təsərrüfat sahələri olan maldarlıq, heyvandarlıq, arıçılıq, bağçılıq bundan sonra da inkişaf edəcəkdir. Yeni yol rahat gediş-gəlişi təmin edəcək, müasir məktəb binası şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcək, hərtərəfli tibbi xidmət sakinlərin sağlamlığını qoruyacaq, internetə çıxış imkanı isə insanların dünyagörüşünün artmasına və məlumatlı olmasına şərait yaradacaqdır. Kənd sakinləri də yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlarını genişləndirməli, Aşağı Buzqov kəndi bundan sonra da muxtar respublikamızın inkişafında xüsusi paya malik olmalıdır.
Ali Məclisin Sədri kənd sakinlərinə təşəkkür edib, onlara firavan həyat arzulayıb.
Aşağı Buzqov kənd sakini İbrahim Zeynalov minnətdarlıq edərək deyib: Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Aşağı Buzqovda böyük quruculuq işləri görülüb. Kəndimizdə müasir məktəb binasının, eləcə də digər sosial obyektlərin inşa olunması, yolun yenidən qurulması sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Fasiləsiz təbii qaz, elektrik enerjisi və rabitə təminatı, hər gün Naxçıvan şəhərinə marşrutun işləməsi rahatlığımızı təmin edib. Etibarlı müdafiə olunan kəndimiz düşmən qarşısında mərd dayanıb. Kənddə insanların rifahı yüksəlir, yeni evlər tikilir, şəxsi avtomobillərin sayı artır, fərdi təsərrüfatlar inkişaf edir. Bütün bunlar ölkəmizdəki inkişafın, tərəqqinin bəhrələridir. Söz veririk ki, bundan sonra da əsgərlərimizlə həmrəy olaraq doğma kəndimizi etibarlı müdafiə edəcək, tikilənləri, qurulanları qoruyub saxlayacağıq.
Baxış zamanı bildirilib ki, 11,7 kilometrlik yola asfalt örtük salınıb, 1600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə əməl edilib, qış aylarında, xüsusilə yağıntılı günlərdə avtomobillərin rahat hərəkəti nəzərə alınıb, yolun üzərindəki 2 körpü təmir edilib, 168 su keçidi qoyulub və 2670 metrlik beton kanal çəkilib.