Prezident İlham Əliyev yanvarın 13-də "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilsin.
2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2011, № 12, maddə 1139; 2013, № 8, maddə 896; 2016, № 1, maddə 64; 2018, № 5, maddə 936; 2019, № 1, maddə 91; 2020, № 12 (I kitab), maddə 1487) 1-ci hissəsində “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".