Prezident İlham Əliyev yanvarın 13-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005, № 3, maddə 167; 2006, № 11, maddə 939; 2007, № 12, maddə 1235; 2008, № 7, maddə 621; 2016, № 10, maddə 1628; 2018, № 2, maddə 210) 2-ci hissəsində “1450 (min dörd yüz əlli)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".