Prezident İlham Əliyev aprelin 20-də Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd– Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".