Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəbi isə müqəddəs dinimiz olan islam dinidir. Bu dinin ehkamları da qadına, qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənəvi öhdəlik kimi qoyulmuşdur.

Qeyd olunanların nəticəsidir ki, Azərbaycanda qadın hüquqları dünyanın bir çox ölkələrindən əvvəl dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ vermişdir. Müqayisə üçün deyə bilərik ki, bundan 2 il sonra Amerika Birləşmiş Ştatlarında, 26 il sonra Fransada, 53 il sonra isə İsveçrədə qadınlar seçkilərdə iştirak hüququ ala bilmişlər. Sovetlər Birliyi dövründə də Azərbaycan qadınlarının ictimai həyatda fəallığı artmışdır. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra qadınların ictimai həyatda yeri və mövqeyi daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını göstərə bilmələri həmin dövrün başlıca nailiyyətidir. Bu dövrdə qadınlar Azərbaycanın və Sovetlər Birliyinin ali hakimiyyət orqanlarına deputat seçilir, yüksək vəzifələrə təyin olunurdular. Ümummilli Liderimiz dövlət qadın siyasətində yaranmış müsbət meyilləri əsaslandıraraq 1974-cü ildə keçirilmiş müşavirədə deyirdi ki, həyat özü, bizim təcrübəmiz qadınların başçılıq etdikləri müəssisələrin bir qayda olaraq qabaqcıllar sırasında getdiyini sübut edir. Bunlarda səliqə-sahman daha çox olur, əmək intizamı pozulmur.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olundu. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradıldı. Ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşuldu. Bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət qulluğu və ordu quruculuğunda, hüquq mühafizə, məhkəmə və digər orqanlarda çalışır. Bu, Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətidir!

Qeyd olunub ki, muxtar respublika qadınları da tarixin bütün dövrlərində öz fədakarlıqları və vətənpərvərlikləri ilə seçiliblər. İkinci Dünya müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak edib, onların hamısı döyüş orden və medalları ilə təltif olunublar. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunub, qadınlarımızdan 11 nəfəri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Muxtar respublikanın təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir.

Ali Məclisin Sədri deyib ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 147-si Azərbaycan Respublikasının, 133-ü isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 105 qadın orden, medal və nişanlarla təltif olunub.

Ali Məclisin Sədri bu gün muxtar respublikamızın inkişafında əməyi olan bütün qadınlara muxtar respublikanın Ali Məclisi və hökuməti adından təşəkkürünü bildirib, bir daha qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.

Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli Sərəncamı ilə Azərbaycan respublikasının ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikadan olan 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub, 1 qadın isə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə muxtar respublikada səmərəli fəaliyyətlərinə görə 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”, 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” və 2 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb, 5 qadın isə Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri təltiflərin vəsiqə və nişanlarını təqdim edib.

Təltif olunanlardan Nina Abdullayeva, Kəmalə Əliyeva, Çiçək Əlizadə, Aləmzər İbrahimova, Mahizər Orucova, Xırda Ağayeva, Siyatel Cəfərova və Rəna Fətullayeva əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikanın inkişafına töhfə verəcəklərini bildiriblər.

Tədbirin bədii hissəsində Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının uşaqlarının ifasında kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: