Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilib - FOTOLAR
Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib.
NUHÇIXAN xəbər verir ki, forum iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak edib.
Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun bütün iştirakçılarını salamlayıb, forumun işinə uğurlar arzulayıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gənclərin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki gənclər xalqın gələcəyidir”, - fikrini xatırladaraq deyib: Azərbaycanın Naxçıvan Muxtar Respublikasında əhalinin 141 min nəfəri və ya 30 faizdən çoxu gənclərdir. Hər bir gənc ölkəsi və xalqı üçün o zaman yararlı vətəndaşa çevrilir ki, mükəmməl təhsil alsın və peşə sahibi olsun. Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 3 ali, 3 orta ixtisas və 5 peşə, 215 ümumtəhsil məktəbi, 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyəsində 154 ixtisas üzrə, orta ixtisas məktəblərində 27 ixtisas üzrə tələbə, peşə məktəblərində isə 20 ixtisas üzrə müdavimlər təhsil alır. Ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verir. Muxtar respublikada gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.
Ali Məclisin Sədri deyib: Gənclərin sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binaları tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur. Sağlam gəncliyin yetişməsində idman və bədən tərbiyəsi əsas şərtdir. Bunun üçün zəruri maddi baza yaradılıb. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat və Atıcılıq mərkəzləri, rayon mərkəzlərində uşaq-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, ümumilikdə 51 idman obyekti, 900-ə yaxın sadə tipli idman avadanlıqları gənclərin istifadəsindədir. Hazırda muxtar respublika gənclərinin 27 mindən çoxu boks, güləş, karate-do, futbol, şahmat, yüngül atletika, voleybol, basketbol, paralimpiya, hava və ekstremal idman növləri, atıcılıq və kikboksinq federasiyalarında aktiv şəkildə idmanla məşğul olur. Bütün bunların nəticəsidir ki, ötən il ölkəmizdə keçirilən internet sorğuya əsasən Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilmişdir.
Ali Məclisin Sədri deyib: Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır.
Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.
Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna mühüm əhəmiyyət verildiyini, forumun səmərəli olacağına inamını bildirib, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək deyib ki, Azərbaycanın təşəbbüsü ilə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyulub. Həmçinin bu il Naxçıvan şəhəri Azərbaycanın Gənclər Paytaxtı seçilib. Naxçıvanda keçirilən bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı, eləcə də idman sahəsində əməkdaşlığın qurulması üçün geniş imkanlar açacaqdır. Azad Rəhimov forumun təşkilində göstərdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Türk Şurası baş katibinin müavini Ömər Kocaman çıxış edərək deyib: Naxçıvan türk dünyası üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu gənclər siyasəti sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunması və yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından vacib amil kimi dəyərləndirilməlidir. Forum türkdilli ölkələr arasında gənclər platformasının qurulmasına vəsilə olacaqdır. Qarşıda duran əsas məsələlərdən biri beynəlxalq təşkilatlarla gənclik sahəsində əməkdaşlığın qurulmasıdır. Ömər Kocaman təmsil etdiyi təşkilat tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, Türk Şurası Gənc Liderlərinin Forumunun bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, Naxçıvan forumunun təşkilinə görə minnətdarlıq edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, qədim mədəniyyətə malik olan Naxçıvan bu gün bütün sahələrdə inkişaf edir. Artıq Naxçıvan türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Memar Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, tanınmış rəssam Bəhruz Kəngərli yurdu Naxçıvan türk dünyasının böyük oğlu, türkdilli xalqların birliyinin təmin olunmasında mühüm xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin vətənidir. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bu il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı “Dədə Qorqud” kamera orkestrinin konserti olub. Qeyd olunub ki, bu gün qarşımızda duran əsas məqsəd türk xalqlarını daha da yaxınlaşdırmaqdan, yeni əməkdaşlıq imkanları qurmaqdan, soykökümüz, zəngin mədəniyyətimiz və dəyərlərimiz haqqında gəncləri məlumatlandırmaqdan ibarətdir. Naxçıvan forumu bu istiqamətdə yeni imkanlar açacaqdır.
Türk Parlament Assambleyasının baş katibinin müavini Əli Yıldız çıxış edərək deyib: Türkdilli ölkələrin müxtəlif sahələr üzrə fəaliyyət göstərən təşkilatları xalqlarımızın daha da yaxınlaşmasına və yeni əməkdaşlıq imkanlarının qurulmasına öz töhfələrini verirlər. Türk Parlament Assambleyasının bu sahədəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Gənclər arasındakı əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Çünki hər bir xalqın gələcək idarəçiləri gənclərdir. Gənclərin müxtəlif sahələr üzrə müzakirələr aparması vacib məsələdir və keçirilən forum bu işə öz töhfəsini verəcəkdir.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin türkdilli xalqların mahnı və musiqilərindən ibarət konserti olub.
Sonra Ali Məclisin Sədri türkdilli ölkələrin gəncləri ilə xatirə şəkli çəkdirib.