Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı sahəsində mühüm tədbirlər görülür. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, keyfiyyətli və rəqabətədavamlı turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar açmışdır.
Əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Ağbulaq kəndi kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilmişdir. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırmış, Ağbulaq İstirahət Mərkəzi yaradılmışdır. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülmüş, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilmişdir.
Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilmiş, kənddəki evlər yenidən qurulmuş, dam örtükləri və fasadlar yenilənmiş, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılmış, təsərrüfat binaları tikilmişdir. Bundan əlavə kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.