Qazançıda xidmət mərkəzi istifadəyə verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 5 sakin işlə təmin olunub. Ərzaq mağazasında əsasən yerli məhsullar satışa çıxarılır. Həmçinin burada kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara da üstünlük verilir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Sakin Füzuli Əliyev minnətdarlıq edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün bütün kəndlərimizdə müasir şərait yaradılır. 70-ə yaxın yaşım var. Son illər Naxçıvan Muxtar Respublikasında görülən işlər bizi çox qürurlandırır. Bunu sözlə ifadə etmək çətindir. Vaxtilə dağ kəndlərimizə 3-4 saata getmək olurdu. Lakin indi həmin kəndlərə 30 dəqiqəyə getmək mümkündür. Kəndlərimizə müasir yol çəkilib, məktəb binaları, səhiyyə müəssisələri, xidmət sahələri istifadəyə verilib. Qazançı kəndində də böyük quruculuq işləri görülüb, məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri tikilib. Eyni zamanda, qədim abidəmiz olan Qazançı körpüsü bərpa olunub. Artıq bu gündən Qazançı kəndinin tarixində yeni bir səhifə açıldı. Kənd sakinləri hər zaman olduğu kimi, bundan sonra da ulu öndər Heydər Əliyev siyasi xəttini dəstəkləyəcəklər. Yaşasın müstəqil Azərbaycan! Yaşasın doğma Naxçıvan! Yaşasın ulu öndər Heydər Əliyev siyasi xətti və bu siyasi xəttin davamçıları!
Kənd sakinləri Zakir Həsənov, Yavər Əliyev və Akif Səyyadov da minnətdarlıq ediblər. Bildirilib ki, bu gün Qazançı kəndi müasir qəsəbə görkəmindədir. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirik. Çünki ulu öndərimiz Heydər Əliyevin yolu ölkəmizi və muxtar respublikamızı davamlı inkişafa, tərəqqiyə qovuşdurub. Bu yolun davam etdirilməsi Azərbaycanı bundan sonra da yaşadacaq, daha qüdrətli ölkəyə çevirəcəkdir.
Ali Məclisin Sədri sakinləri təbrik edərək deyib: Bu gün Qazançı kəndi abad yaşayış məntəqəsinə çevrildi. Kəndlərin inkişafı, müasirləşməsi, abadlaşması ölkəmizin inkişafı deməkdir. Bu işlərin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, insanlarımız rahat yaşasın. Yaradılan şərait sakinlərə öz işlərini rayon mərkəzinə getmədən kənddə həll etməyə imkan verəcəkdir. Şagirdlərin yaxşı təhsil alması üçün məktəb, sakinlərin sağlamlığının qorunması üçün lazımi avadanlıqlarla təchiz olunmuş ambulatoriya, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Culfa şəhərindəki, Naxçıvan şəhərindəki məktəblərdə yaradılan tədris şəraiti Qazançı kənd tam orta məktəbində də vardır. Həmçinin kənd daimi rabitə xidməti, sürətli internet, su, təbii qaz və elektriklə təmin olunub.
Ali Məclisin Sədri deyib: Qazançı qədim tarixə malik olan yaşayış məntəqəsidir. Tarixi mənbələrdə də bu öz əksini tapıb. Görkəmli rus şair-diplomatı Qriboyedov öz xatirələrində Naxçıvan şəhərindən Haçadağa, oradan Qazançı kəndinə gəldiyini və buradan Qarabağa, Gəncəyə və Tiflisə getdiyini qeyd edir. Tariximizi qoruyub gələcək nəsillərə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Ona görə də kənddəki qədim birtağlı Qazançı körpüsü də bərpa olundu. Bu gün Qazançı kəndində əkinçilik, maldarlıq, heyvandarlıq və arıçılıq da inkişaf etdirilir. Dövlət ailə təsərrüfatlarına köməklik göstərir, kreditlər verilir, istehsal olunmuş məhsulların bazarda satışına şərait yaradılır. Təmiz havaya, səfalı təbiətə və müasir infrastruktura malik olan Qazançı kəndində yaşamaq və işləmək üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, məskunlaşma artmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.