“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk”.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanlandığı təbrik məktubunda əksini tapıb.
Məktubda qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir:
“Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk.
Siyasi əlaqələrimizin hazırkı səviyyəsinin və fəal dialoqun bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm”.