Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.
NUHÇIXAN xəbər verir ki, nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Qurtuluşdan Əlincəqalaya” yürüşünün iştirakçısı olan gənclər də abidə önünə tər güllər düzüblər.
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaradıcısı, ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür. Ölkəmizə rəhbərlik dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu bir məqsədə - xalq və Vətən naminə fəaliyyətə həsr olunmuşdu.
Azərbaycanın müstəqil dövlət quruculuğunun əsası dahi öndərin ölkəmizə birinci rəhbərliyi dövründə qoyulub. 1969-1982-ci illərdə Ulu Öndər Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, yeni zavodlar, fabriklər, böyük sənaye müəssisələri tikilib, yollar çəkilib, məktəb binaları, xəstəxanalar, mədəniyyət obyektləri istifadəyə verilib. İmperiya təzyiqlərinə baxmayaraq milli ruhun və milli özünüdərkin dirçəldilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunub-saxlanılması, gənclərin tarixi ənənələrimizə və dəyərlərimizə bağlı yetişdirilməsi istiqamətində də ardıcıl tədbirlər görülüb.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrildi, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Həmin dövrdə Ulu Öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi qədim diyarı işğaldan, əhalini isə köçkün taleyi yaşamaqdan xilas etdi. Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən xilas olaraq dövlət müstəqilliyimiz və milli qurtuluşumuz uğrunda gedən mübarizənin mərkəzinə çevrildi.
Ümummilli Liderin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş və inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. “Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm”, - deyən ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkəmiz parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu, Azərbaycanda milli-ideoloji birliyin təməli qoyuldu, güclü ordu yaradıldı, möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi, torpaqlarımızın işğalının qarşısı alındı. Qanunların aliliyinə söykənən vətəndaş cəmiyyəti quruldu. Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı bölgədə və dünyada etibarlı tərəfdaşa və lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir, inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoyur. Bütün bunlara isə ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.
Bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli Liderin ideyalarına sədaqət Naxçıvan Muxtar Respublikasını hərtərəfli inkişafa qovuşdurub. Ötən illər ərzində muxtar respublikada elm, təhsil, mədəniyyət, kənd təsərrüfatı, ordu quruculuğu və digər sahələrdə əsaslı irəliləyişə nail olunub. Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir infrastrukturun yaradılması, yolların və körpülərin salınması yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, insanlara rahatlıq və firavan həyat bəxş edib.
Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bugününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan dövlətçilik yoludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər Ulu Öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullara layiq görülmüşdür. Onun öz sağlığında layiq gördüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır”.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbirlər keçirilib.