Muxtar Babayev COP29-un Prezidenti müəyyən edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev yanvarın 7-də Muxtar Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir.

Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir.

Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, habelə formalaşmış beynəlxalq təcrübəni nəzərə alaraq qərara alıram:

1. Muxtar Bahadur oğlu Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilsin.

2. Müəyyən edilmiş Prezidentə (President-Designate) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: