Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

NUHÇIXAN müsahibəni təqdim edir.

Azərbaycan Televiziyasından Rövşən Məmmədov: Cənab Prezident, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə hər birimizin adından Sizə təşəkkür edirik. Suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra belə bir görüş, belə bir müsahibə hər birimizin arzusu idi. Odur ki, bu arzumuzu nəzərə aldığınıza görə Sizə təşəkkür edirik.

Cənab Prezident, yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq qeyd etdiyimiz kimi, Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və Sizin təbirinizcə desək, tarixin zibilliyinə atılmasıdır. Əlbəttə ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə və Sizin “Dəmir yumruğunuzdur”. Məhz ona görə də mən istərdim elə ilk sualımı bugünkü reallıqlardan son 20 illik fəaliyyətə nəzər salmaqla başlayaq. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik?

Prezident İlham Əliyev: Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.

Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

“Real” Televiziyasından Mirşahin Ağayev: Cənab Prezident, oktyabr ayının 15-də Siz Xankəndidə Azərbaycan Bayrağını qaldırdınız və mənə elə gəlir ki, bu, yalnız Sizin əl deyildi, bu, Ulu Öndər Heydər Əliyevin əli idi, bu, Pənahəli xanın əli idi, bu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əli idi və bütün əllər məhz Sizin əlinizdə cəmləşmişdi. Mən Xankəndini tərk etdiyim təxminən 30 il əvvəl - 1991-ci ildə tərk etmişdim, orada Matvey Radaev ilə müsahibəm olmuşdu, “Orqkomitet”də, sonradan separatçılar iqamətgaha çevirdilər. Mənim üçün çox maraqlıdır, o an hansı hissləri yaşadınız? Bu sualın cavabını mən həm də adlarını çəkdiyim bütün o ulu insanların ruhu ilə bağlayacam.

Prezident İlham Əliyev: Bilirsiniz, yəqin ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik, o cümlədən mən də. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.

Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir.

Bir də gözümün önünə, bax, sizin də qeyd etdiyiniz o kadrlar gəlirdi. Həmin meydan, həmin şəhər, ancaq tam fərqli mənzərə. O meydanda, o meydanın başında yerləşən, - onu da deməliyəm ki, Azərbaycan memarı, səhv etmirəmsə, Həsən Məcidov adlı bir Azərbaycan memarı, həmin o “Apkom” deyilən binanın müəllifi olmuşdur, - həmin o binada, həmin o meydanda, o vaxt Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olduq. Siz də o hadisələrin canlı şahidi kimi yaxşı xatırlayırsınız, o vaxt Qarabağda yaradılmış Xüsusi Komitə faktiki olaraq Qarabağın Azərbaycanın əlindən alınması üçün bir mexanizm idi. O Xüsusi Komitə, ona rəhbərlik edən şəxs və digər şəxslər, onların bütün addımları və hərəkətləri Qarabağı Azərbaycandan qoparıb Ermənistana bağlamaq idi.

Yəni, bütün bu kadrlar gözümün önünə gəldi və təbii ki, hisslərin çoxluğu deməyə imkan vermir ki, hansı üstünlük təşkil edirdi. Təbii ki, Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda Bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.

Yəni, bunlar, tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər.

Bir məsələni də mən deməliyəm, təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq.

“ARB 24” Televiziyasından Çinarə Nurməmmədova: Cənab Prezident, ötən ilin ən mühüm hadisələrindən biri həm də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması idi. Bundan dərhal sonra Azərbaycana qarşı təzyiqlər başlanıldı, “Qarabağda humanitar böhran yaradılır” ittihamı irəli sürüldü. Həmin dövrdə hələ Xankəndidə Azərbaycanın Bayrağı da ucaldılmamışdı, separatçılar da orada müəyyən fəaliyyət göstərirdilər və təzyiqlər də daha çox idi. Hazırda vəziyyət dəyişib və tamamilə yeni reallıqlar yaranıb. Hansı məqamlar, hansı nüanslar var ki, artıq biz onlardan danışa bilərik. Yəni, Azərbaycan sərhəd-keçid məntəqəsini yaradarkən hansı riskləri gözə almışdı?

Prezident İlham Əliyev: Bilirsiniz, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşünməli idik. Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnəcək, noyabrın 8-də mən tam deyə bilməzdim, yəni, tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirdim ki, bizim Zəfərimizlə nəticələnəcək, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də təbii ki, çox böyük hadisə baş verdi - Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.

Ona görə 8 noyabrdan sonra - ertəsi gün bütövlükdə səhərdən axşama qədər, gecəyə qədər Rusiya prezidenti vasitəsilə Azərbaycan, Ermənistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.

Ancaq hər halda 10 noyabrdan sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydanda olan Minsk qrupunun həmsədrləri də demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermənistandakı vəziyyət təbii ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bilirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtkı Laçın dəhlizi ilə bağlı olan məsələ.

Müəyyən müddətdən sonra, xüsusilə görəndə ki, bu yol vasitəsilə Ermənistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birləşmələrin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik. Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yenə də öz səylərimizi davam etdirirdik, mən dəqiq deyə bilərəm ki, uzun müddət ərzində - beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin, bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadınızdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük suallar yaratdı. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yəni, təbii ki, bu minalar həmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ qaldırdıq ki, gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq. Ancaq əfsuslar olsun ki, buna razılıq verilmədi. Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik.

Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişdik. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparılırdı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaradılmırdı. Sadəcə olaraq onların maşınları yoxlanılırdı, öz maşınları ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir hörmətsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat törədildi. Bizim postumuz atəşə tutulmuşdur və biz təbii olaraq istintaqı aparmaq üçün o yolu müvəqqəti olaraq bağladıq, amma sonra yenə də açdıq. Ondan sonrakı hadisələri siz yaxşı xatırlayırsınız, bu barədə çox danışmaq istəmirəm. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri-özlərini humanitar yardımdan məhrum etmişdir.

Yəni, 23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Biz 23 aprelə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara nümayiş etdirmişdik ki, bu, bizim torpağımızdır, həm “Fərrux” əməliyyatı, “Sarıbaba-Qırxqız” əməliyyatı, “Qisas” əməliyyatı, bütün bunlar tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar idi. Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi. Çünki müharibədə xüsusilə bizim relyefi nəzərə alsaq, əsas məsələ təpələrin kimin əlində olmasıdır və 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi də məhz dediyim o vaxta qədər keçirilmiş əməliyyatlardır və təbii ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması. Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdi.

İctimai Televiziyadan Fikrət Doluxanov: Cənab Prezident, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunmasını və qeyd etdiyiniz kimi, tarixi ədalətin bərqərar olunmasını təmin edən lokal xarakterli antiterror tədbirlərini hansı amillər şərtləndirdi? Güc tətbiq etmədən keçinmək mümkün idimi və Ermənistan, erməni separatçıları Sizin dəfələrlə etdiyiniz təklif və xəbərdarlıqları nəyə arxalanaraq düzgün dəyərləndirmədilər?

Prezident İlham Əliyev: Yəqin ki, onlar gözləmirdilər, bu əməliyyat keçiriləcək və kimsə görünür onları inandırmışdı ki, onlar sona qədər orada öz separatist dırnaqarası qurumunda, o qurum çərçivəsində fəaliyyət göstərə biləcəklər. Halbuki, bizim onlara göndərdiyimiz bütün mesajlar açıq və birmənalı idi. Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik. Çünki bizim məqsədimiz suverenliyi tam bərpa etmək idi və burada yaşayan əhalini inandırmaq idi ki, onlar vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsnasında bəzi müsbət addımlar da atılmışdı. Yəni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Onu da bildirməliyəm ki, avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə. Yəni o, bir bildiriş idi. O, bir xahiş deyildi, bildiriş idi. Ondan sonra bilirsiniz ki, yerli ermənilər vaxt istəmişdilər, avqustun 25-nə qədər. Biz də razılıq verdik və avqustun 26-da Laçına girdik. Yəni ki, bütün bunlar sentyabr hadisələrinə gedən yolun bir hissəsidir.

Digər müsbət sayıla biləcək hadisələr də olmuşdur, o cümlədən Zabux kəndində evlərin yandırılmaması. Halbuki mən sizə deyə bilərəm ki, ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə-yeksan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfimizdən tikilmiş evlərdə yaşayırlar. Ancaq o fakt özlüyündə bir göstərici idi. Biz də bunu müsbət qarşılamışdıq. Sanki Kəlbəcərdə, Laçında evlərin yandırılması və ağacların kəsilməsi vəhşiliklərindən sonra bu, bir qədər normal addım sayılır. Yəni, bütün bu müsbət hadisələr deməyə əsas verirdi ki, qan tökülmədən, heç bir əməliyyat aparılmadan biz öz suverenliyimizi bərpa edəcəyik və Qarabağ ermənilərinə də dəfələrlə deyilmişdir ki, yeganə yolunuz budur: kim istəyir burada qalır, Azərbaycan vətəndaşı kimi yaşayır, kim istəmir, Ermənistana və başqa yerə gedir. Hətta, Laçında keçmiş məcburi köçkünlərlə görüş zamanı - may ayının 28-də mən açıq demişdim ki, onların bir yolu var: qanunsuz qurumu buraxmaq, bizə təslim olmaq və bizə tabe olmaq. Bunu mən açıq demişdim. Mən bu və bütün başqa məsələlərdə, bütün çıxışlarımda tam səmimiyəm və hesab edirəm ki, Ermənistan tərəfi artıq bunu bilir. Nəyi deyiriksə, onu da edirik və onu nəzərdə tuturuq. Ancaq görünür ki, başqa mesajlar da verilmişdi onlara. Təbii ki, burada beynəlxalq aktorlar da çox mənfi rol oynamışdılar. Ermənistana və separatçılara müəyyən ürək-dirək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yaratdı ki, onlar, bax bu vəziyyətlə bağlı heç nə etməməlidirlər.

Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında qeyri-rəsmi razılıq əldə edilmişdi ki, orada heç nə dəyişilməyəcək, yəni, necə var, elə də qalır. Təbii ki, orada qanunsuz seçkilərin keçirilməsi bu razılaşmanın da pozulması idi. Bildiyiniz kimi, sentyabrın 9-da həmin qanunsuz seçkilər keçirilmişdi və o, ikinci qırmızı xətt idi. Çünki birinci qırmızı xətt Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bəyan edirdi. Belə olan halda, onda bu təbrik nədir və sentyabrın 9-dan sonra təbii ki, artıq başqa variant qalmamışdı. Xüsusilə nəzərə alsaq ki, mina terroru bizə qarşı davam edirdi və bizim bir neçə hərbçimiz o hadisələr ərəfəsində mina terrorunun qurbanı olmuşdur.

Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu, danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Biz dedik ki, təslim olursunuzsa, əməliyyatı dayandıracağıq. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik. Biz, ümumiyyətlə, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ tam nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil.

Yenə də deyirəm, əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu.

CBC Televiziyasından Lidiya Molodtsova: Cənab Prezident, icazənizlə sualları rus dilində verərdik, çünki CBC beynəlxalq kanaldır və rusca yayımlanır. Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanın silahlandırılmasının şahidi oluruq. Fransanın belə mənfi münasibətinin səbəbi nədir? Paris Bakıdan nə istəyir?

Prezident İlham Əliyev: Yaxşı sualdır. Biz özümüz də bunu bilmək istəyirik. Belə ki, münasibətlərimizin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Bunun bizim torpaqlarımızın işğal altında olması, yaxud sadəcə, Fransanın siyasi müstəvisində nəsillərin dəyişməsi ilə bağlı olması başqa məsələdir. Mənim üçün bunu söyləmək çətindir. Amma bütün hallarda balans qorunub saxlanılırdı. Artıq müsahibələrimdən birində Fransanın necə ATƏT-in Minsk qrupunun həmsədri olması barədə danışmışam. Təkrar etmək istəmirəm. Hərçənd bu məsələni unudan və ya bilməyənlərə xatırlatmaq yerinə düşər ki, Fransa Prezidenti Jak Şirak uzun müddət atamı Fransanın həmsədrliyinə razı salmaq istəyirdi və o, bundan imtina edirdi. Sonradan Prezident Şirakla keçirdiyim görüşlər əsnasında o, dəfələrlə onu necə razı salmaq istədiyini və Fransanın neytral olacağını vəd etdiyini xatırladırdı. Həmçinin mənim qarşımda əlavə edirdi ki, bu vədi atamın həyatda olmadığı vaxtda da yerinə yetirir. Mən bunu həmişə müsbət qəbul edirdim. Ancaq zahirən də, ümumilikdə, bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı. Hərçənd bilmirəm ki, pərdə arxasında nələr baş verirdi, lakin son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük.

Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə, hətta deyərdim ki, bu ifadəni işlətmək mümkündürsə, həddindən çox dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Detallara varmaq istəmirəm, çünki bu danışıqlar məxfi xarakter daşıyırdı, lakin danışdığımız məsələlərin bir hissəsi artıq ictimaiyyətə məlumdur. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.

Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma “Artsax”ı tanıdılar. Amma mənim qondarma “Artsax”ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim.

Hazırkı şəraitə gəldikdə, əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin gərgin olduğu dövr idi, amma bununla belə, münasibətlər mövcud idi. Siz də bilirsiniz ki, biz Prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək, havadan asılı qalıb, sözdən əmələ keçməyib.

Amma bundan sonra onlar artıq öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başladılar. Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var.

Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, yeri gəlmişkən, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Qoşulmama Hərəkatının sədri kimi biz bu məsələni qaldırdıqda və Bakı təşəbbüsünü irəli sürdükdə müstəmləkə ərazilərinin – Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçiririk. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Onları çağırır, profilaktikadan keçirir, hədə-qorxu gəlirlər. Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi. Fransa tərəfinin xahişi ilə İsveçrədəki Avropa qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsini də saxlayıblar. O, Cenevrədə neokolonializmə həsr olunmuş tədbirə gedirdi. Düzünü desək, mən İsveçrə hökumətinin Fransanın iradəsinə tabe olmasından və belə rüsvayçı aktı törətməsindən təəccüblənirəm. Həm də bu jurnalist çox böyük Avropa ölkəsinin vətəndaşıdır. Yəni, onların əsl xisləti bundan ibarətdir. Biz bu əsl xisləti üzə çıxardıq. Nədənsə bütün bunlar haqqında indiyədək danışılmırdı. Bunların hamısı barədə susurdular, əlaqədar olmaq istəmirdilər, problemlərdən qorxurdular, təhdidlərdən çəkinirdilər və sairə. Amma biz qorxmuruq. Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.

“Xəzər” Televiziyasından Günel Kərbəliyeva: Cənab Prezident, Tbilisidə İpək Yolu Forumunda Ermənistanın baş naziri “sülhün kəsişməsi” deyə bir layihədən bəhs etdi, hansı ki, bu, “erməni qovşağı” layihəsinin adı dəyişdirilmiş formasıdır. Sözdə layihə guya Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların, belə deyək, inkişafını nəzərdə tutur. Halbuki Azərbaycan bu təklifi üç ildir irəli sürür. Ermənistanın baş naziri bunu yeni bir təşəbbüs kimi səsləndirdi. Ümumiyyətlə, regionda Azərbaycanın razılığı olmadan belə layihələrin baş tutması mümkündürmü?

Prezident İlham Əliyev: Əlbəttə ki, yox. Yəqin ki, siz də bunu yaxşı bilirsiniz, mümkün deyil. Hesab edirəm ki, bu, sadəcə olaraq, piar aksiyadır. Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir.

Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var. Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq.

Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir.

Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Rövşən Məmmədov: Cənab Prezident, həmkarlar yəqin ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı sualları davam etdirəcəklər. Amma mən mövzudan bir qədər kənara çıxmaq və bu gün ictimaiyyəti düşündürən digər bir mövzuya keçid almaq istərdim. Bu, növbədənkənar prezident seçkiləri ilə bağlıdır. Məlumdur ki, bu il fevralın 7-nə təyin olunub və müxtəlif fikirlər, müxtəlif versiyalar səslənir. Amma ən doğru cavabı Sizdən ala bilərik. Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir?

Prezident İlham Əliyev: Düzdür, bu barədə müxtəlif versiyalar var. Yaxşı ki, bu sualı verirsiniz ki, mən bunun əsas səbəblərini sizin üçün və ictimaiyyət üçün açıqlayım. Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.

Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir.

Rövşən Məmmədov: Cənab Prezident, bunu həm də yeni missiyanın başlanğıcı kimi qəbul etmək olarmı?

Prezident İlham Əliyev: Əlbəttə. Çünki bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə də bu barədə yəqin müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.

Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq.

Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.

Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Bu, ayrı bir böyük söhbətin mövzusudur. Bəlkə nə vaxtsa ayrıca bu məsələ ilə bağlı da biz danışarıq. Amma hər halda sualınıza cavab verərək deməliyəm ki, bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq.

Mirşahin Ağayev: Möcüzələrin adiləşdiyi dövrdə yaşayırıq, cənab Prezident, bax, biz oturmuşuq burada, qalib xalqın qalib liderinə suallar veririk, cavablar alırıq və hörmətli tamaşaçılar baxır bizə. Mən inanmaq istəyirəm ki, bu tamaşaçılar arasında heç vaxt ağlımıza gətirmədiyimiz, amma artıq reallığa çevrilmiş Arkadi Qukasyan da var, Bako Saakyan da var, Araik Arutunyan da var, Ruben Vardanyan da var və bu adamlar Azərbaycan xalqının Qələbəsinin real göstəriciləridir - məğlubiyyət formatında göstəriciləridir və eyni zamanda, mən sülh müqaviləsi ətrafında danışmaq istəyirəm. Ona görə ki, sülh müqaviləsi üzərində iş yəqin ki, bütün bu proseslərin sonunu gətirməli olan işdir. Amma başqa bir tərəfdən də fikirləşirsən ki, Ermənistanın ipinin üstünə odun yığmaq olarmı və nəzərə alsaq ki, bu ip onların əlində deyil və çoxdan deyil.

Prezident İlham Əliyev: Bilirsiniz, bizim tarixi Qələbəmiz o qədər parlaq idi və cəmi bir neçə saat ərzində davam edən əməliyyat nəticəsində suverenliyimiz bütün ərazidə bərpa olunanda bunu bəziləri belə qavraya da bilmədilər. O qədər tez bir zamanda başladı və sona çatdı və eyni zamanda, bu parlaq Qələbə fonunda bax, dediyiniz o personajların da tutulması bir qədər kölgədə qaldı. Halbuki bu, özlüyündə böyük bir tarixi hadisədir. Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum. Onların heç ağlına gələ bilməzdi ki, bu gün onlar Bakıda çay içmək istəyini belə reallaşdıracaqlar, istintaq təcridxanasında oturacaqlar və ədalət məhkəməsinin qərarını gözləyəcəklər.

Sülh müqaviləsinə gəldikdə isə, mən bir daha qeyd etməliyəm. Artıq bir balaca qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq. Çünki doğrudan da çox unikal bir situasiyadır və o zaman məhz Azərbaycan tərəfi bu boşluğu doldurmaq üçün təklif elədi ki, yəqin sülh müqaviləsi olmalıdır. Hər halda danışıqlar başlanmalıdır, hətta o vaxt hələ fəaliyyətdə olan Minsk qrupunun nümayəndələri də gələndə məndən soruşmuşdular ki, biz indi nə ilə məşğul olaq? Yəni, Sizin məsləhətiniz nədir? Mən dedim ki, indi Qarabağ məsələsi artıq bağlandı. Əgər nə iləsə məşğul olmaq istəyirsinizsə, bir xeyir gətirmək istəyirsinizsə, siz Ermənistan-Azərbaycan normallaşma prosesində iştirak edə bilərsiniz. Amma onlardan hər hansı bir təklif gəlmədi. Onda biz bu təklifi irəli sürdük. Amma irəli sürəndən sonra da heç bir cavab gəlmədi. Ondan sonra biz məlum beş prinsipi rəsmiləşdirdik və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlamışdır. Düzdür, o vaxt Ermənistan və bəzi başqa ölkələr bu prinsiplərə Qarabağla bağlı mövzunu da əlavə etmək istəmişdilər. Halbuki biz ilk gündən bunun əleyhinə idik. Çünki mən deyirdim ki, Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq. Onu da mən bildirdim ki, bu, çox yığcam bir sənəd olmalıdır. Yəni, 5-10 cildlik yox, maksimum 5-10 səhifəlik əsas prinsiplərdir. Onu da burada, necə deyərlər, velosiped icad etmək lazım deyil, sadəcə olaraq, beynəlxalq hüququn prinsipləri oraya salınmalıdır.

Ancaq bir müddət danışıqların aparılması o qədər də böyük ümidlər doğurmurdu. Çünki Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı mövzunu oraya salmaq istəmişdilər, xüsusilə status məsələsini. Bir müddətdən sonra artıq hesab edirəm ki, real vəziyyət, bizim addımlarımız və mövqeyimiz, o cümlədən statusun göndərdiyim o ünvanın göstərilməsi müəyyən dərəcədə onların mövqeyində dəyişikliyə səbəb oldu və artıq status yox, “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri də oraya salınmalı idi” iddiası ilə həm Ermənistan, həm də onun havadarları buna çalışırdılar. Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir. Hər şey qarşılıqlı olmalıdır və burada onların arqumentasiyası da, - yəni, “Ermənistan plyus” belə adlandıraq bu qruplaşmanı, - çox məntiqsiz idi ki, onlar 30 il bundan əvvəl qovulmuşdu, amma bunlar buradadır. Yəni ki, onlar, bərabər hüquqa malik deyillər. Halbuki bu, faktiki olaraq rasist bir yanaşma idi. Yəni, bizim mövqeyimiz dəyişməz olaraq qalırdı, ya bu məsələ sülh müqaviləsində əks olunmur, ya da ki, hər iki nümayəndənin hüquqları və təhlükəsizliyi əks olunacaq. Danışıqların belə səmərəsiz keçməsinin də əsas səbəbi bu idi.

Sentyabr hadisələrindən sonra isə biz yeni bir vəziyyətlə üzləşdik. Ermənistana verilən vədlər, xüsusilə də həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, dırnaqarası bu əməliyyat Azərbaycana baha başa gələcək. Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, - çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, - cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndə ki, 70 gün, yəni o vaxt deyəsən 60 gün gözləyirik, ondan sonra təklif verdilər və hazırda onların təklifində, yəni onların şərhlərində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb - məhz sentyabr əməliyyatından sonra yaradılıb. Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir.

Yəni bu, belə pərdəarxası hadisələrin bir qədər izahatı idi. Məncə, sizə və ictimaiyyətə maraqlı olar. Amma əsas məsələ odur ki, mən hesab edirəm, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür.

Mirşahin Ağayev: Dörd il bundan qabaq yanvar ayının 21-də Davos İqtisadi Forumunda Sizə bir moderator sual vermişdi: Cənab Prezident, Avrasiyada xeyli qüvvələr birləşib, Rusiya və Çin xatırlanmışdı və belə bir sual verilmişdi ki, Azərbaycan Prezidenti olaraq Siz, ilk növbədə, kimə zəng edərdiniz? Mən o sualın da, cavabın da verildiyi an orada idim və bu gün həmin sualı təkrarlamaq istəyirəm. Niyə? Ona görə ki, o sual veriləndə Azərbaycan hələ 20 faiz əskik idi, ərazi bütövlüyümüz bərpa olunmamışdı. Bu gün dövlət müstəqilliyini, suverenliyini bərpa etmiş bir Liderə bu sualı vermək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti kimi Siz kimə zəng edərdiniz?

Prezident İlham Əliyev: Prinsipcə, deyə bilərəm ki, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır. Adətən hər hansı bir mövzu olanda Xarici İşlər Nazirliyi vasitəsilə bu mesajlar göndərilir, ya da ki, köməkçim vasitəsilə. Mən dövlət başçılarının bəzilərini ancaq onların doğum günlərində telefonla zəng edib təbrik edirəm. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur. Prezident Putinlə də dəfələrlə söhbətim olmuşdur. Çünki bilirsiniz ki, Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və mən də şərtləri qoymuşdum. Mən hələ oktyabrın ilk ongünlüyündə aramızda olan telefon söhbəti zamanı demişdim ki, biz dayanmağa hazırıq, amma şərtlərimiz var. Onlar bizim torpağımızdan çıxmalıdır və mənə tarix verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Mən artıq bunu Azərbaycan ictimaiyyətinə də dedim, yəqin ki, yadınızdadır. Mənim televiziya çıxışlarım da yəqin yadınızdadır ki, Ermənistan bizə vaxt versin, tarix versin və biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. Ona görə təmaslar daha çox bunun ətrafında idi və əlbəttə ki, noyabrın 9-da, dediyim kimi səhərdən noyabrın 10-da erkən saatlara qədər bu razılaşma, mətn razılaşması prosesi getmişdir. Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən tərəfimdən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.

Fikrət Doluxanov: Cənab Prezident, bir qədər öncə gələcək inkişaf, yeni dövr və yeni missiya barədə söhbət açıldı. Bu yerdə Böyük Qayıdış Proqramına toxunmaq istərdim. Siz çıxışlarınızın birində belə bir ifadə işlətmişdiniz ki, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Biz görürük ki, orada sürətli bərpa və yenidənqurma işləri aparılır. 2024-cü il baxımından gözləntiləriniz nədir və yerli sahibkarların, xarici investorların bu işlərə daha da fəal cəlb olunması üçün hansı institusional addımların atılması nəzərdə tutulub?

Prezident İlham Əliyev: Bu günə qədər görülən işlər göz qabağındadır. Bu haqda çox danışmaq istəməzdim. Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.

Özəl sektoru da siz qeyd etdiniz, mən çox şadam və bir daha özəl sektora müraciət edərək onlara çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir.

Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma, eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil.

Onu da mən bizim bütün aidiyyəti qurumlarımıza bildirmişəm ki, biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir.

Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.

Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər. İndi ancaq Murovdağın altındakı tuneli nəzərə alsaq, bunun uzunluğu təxminən 12 kilometrdir. İndi təsəvvür edin, bir tunel 12 kilometrdir, amma belə tunellərin sayı, - düzdür, o ölçüdə yox, - onlarladır. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək.

Çinarə Nurməmmədova: Cənab Prezident, bu gün biz Böyük Qayıdışdan, bərpa işlərindən danışırıq, amma qarşımızda duran digər vəzifələr də var: sərhədlərin delimitasiyası və demarkasiyası. Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci il xəritələrinə əsasən aparılmasını vacib sayır və bəzi ölkələr də bu iddia ilə çıxış edirlər. Niyə bu gün Ermənistan məhz 1970-ci il xəritələrinə istinad edilməsini istəyir? Azərbaycan üçün hansı xəritələr daha əsasdır və xüsusilə də istərdim Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlı məsələyə də münasibətinizi öyrənək ki, delimitasiya və demarkasiya çərçivəsində bu məsələ necə tənzimlənəcək?

Prezident İlham Əliyev: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin.

Nə üçün 1975-ci ilin, yaxud da ki, indi 1970-ci ilin, hətta bəzi təkliflərdə 1970-ci, 1990-cı illərin xəritələri, cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm. Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. O qərara gəldikdə isə mən hesab edirəm və yəqin ki, hamı mənimlə razılaşar, o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soruşulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər? Yəni, 28 mayda respublika elan olundu, 29 mayda İrəvan Ermənistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin - o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, - mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, - 86,6 min kvadratkilometrə düşdü. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. O vaxta qədər hissə-hissə verilirdi.

Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik.

Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır.

O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı.

Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək.

Çinarə Nurməmmədova: Cənab Prezident, bu, sülh müqaviləsinin predmeti olacaqmı? Çünki bir sıra rəsmilər tərəfindən açıqlama verilib ki, delimitasiya və demarkasiya məsələsi sülh müqaviləsinin predmeti olmayacaq.

Prezident İlham Əliyev: Bəli. Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır.

Günel Kərbəliyeva: Cənab Prezident, Azərbaycanın bərpaolunan enerji potensialı ildən-ilə artır. Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir. Hətta 2030-cu ilə qədər bu potensialın 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda, ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi edəcək. Qarşıda duran hədəflər, əsas istiqamətlər nələr olacaq?

Prezident İlham Əliyev: Bəli, bu məsələyə indi çox ciddi önəm veririk və hesab edirik ki, biz burada da istədiyimizə nail olacağıq. Məqsəd də odur ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmayaq. Çünki indi hamımız yaxşı bilirik ki, bir çox aparıcı keçmiş neft şirkəti hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər və getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil.

Ona görə biz bu ümumi trendin içində olmalıyıq. Xüsusilə nəzərə alsaq ki, bizim misilsiz potensialımız var. Dəfələrlə bu barədə rəqəmlər deyilib və təkcə biz tərəfdən yox, Beynəlxalq Maliyyə Korporasiyası, - o da Dünya Bankının bir qoludur, - Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir - 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik.

İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur. Bizim imzaladığımız kontraktlar və memorandumlar dünyanın aparıcı yaşıl enerji şirkətləri ilədir. Ona görə fərz etmək olar ki, onların hamısı icra ediləcək və bu, bizim bütün daxili tələbatımızı ödəyəcək. Təbii ki, bunun iqlim dəyişikliyi məsələlərinə də müsbət töhfəsi olacaq və eyni zamanda, bizə imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək. Hətta əgər 10 min meqavatın yarısı həll olunsa, bu, bizə kifayət edəcək. Ancaq mən hesab edirəm ki, bu 10 min meqavatla bizim işimiz kifayətlənməyəcək, çünki potensial həddindən artıq böyükdür. Həm quruda, həm dənizdə yerlər təsdiq edildi və növbəti böyük günəş və külək stansiyalarının gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bax, əsas məsələ bundan ibarətdir və hesab edirəm ki, bunun potensialı həm iş yerlərinin yaradılmasına, yeni texnologiyaların Azərbaycana gətirilməsinə, həm də bölgələrin inkişafına böyük təsiri olacaq. Çünki Xəzər dənizindən kənarda bizim bütün qalan potensial stansiyalarımız bölgələrdə yerləşir, o cümlədən Qarabağ bölgəsində.

Fikrət Doluxanov: Cənab Prezident, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi baş tutdu və mərasimdə “Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır” fikri bir daha səsləndi. Eyni zamanda, Sizin bu layihələrin həyata keçirilməsində xüsusi rolunuz bir daha vurğulandı. Bu gün Azərbaycanın Avropa üçün rolunu və gələcəyini necə qiymətləndirirsiniz?

Prezident İlham Əliyev: Bu, vacib mərasim idi və mənim orada iştirakım, əlbəttə ki, Azərbaycanın artan rolunun təzahürüdür. Çünki bu, təbii ki, Azərbaycan qazından söhbət gedir və Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Çünki əgər biz vaxtilə bu təşəbbüslə çıxış etməsəydik və nəinki təşəbbüslə, əgər bunu həyata keçirməsəydik, təbii ki, bu gün hər hansı bir interkonnektordan söhbət gedə bilməzdi. Bütün bu interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Serbiya, Rumıniya və Macarıstan Cənub Qaz Dəhlizinin bir budağıdır. Yəni, bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki biz bir neçə Avropa ölkəsi ilə indi danışıqlar aparırıq və deyə bilərəm ki, danışıqlar önəmli mərhələdədir.

Tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür.

Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni, bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni, mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu reallaşır. Onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk.

Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də olmuşdur və bu müraciətlərə biz müsbət cavab vermişdik. Avropa Komissiyası qeyd etdiyiniz kimi, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Halbuki bu, bizim ixracımızın yarısıdır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir, yəni, Panavropa təchizatçısı.

Əlbəttə ki, bu, bizim böyük nailiyyətimizdir. Bu, bizə böyük dividendlər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi. Çünki sirr deyil ki, qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki onlar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq.

Amma yaşıl enerjiyə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni, qazla, neftlə bağlı bütün məsələlər həll olunub. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Avropa Komissiyasında, əlbəttə ki, bunu yaxşı başa düşürlər və martın əvvəlində Bakıda Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası keçiriləcək və bu Məşvərət Şurasına Azərbaycanla Avropa Komissiyası həmsədrlik edir.

Ancaq bu məsələ ilə bağlı bir məqama diqqət yetirmək istərdim. Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar.

Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir.

Lidiya Molodtsova: Cənab Prezident, məlum olduğu kimi, Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildən bu beynəlxalq təşkilatda üç il müddətinə sədrliyə başladı. Mənim əvvəlki sualıma cavabınızda Sizin qeyd etdiyiniz kimi, respublikaya etimadın örnəyi olan Bakı Təşəbbüs Qrupunun yaradılması üzrə irəli sürülən təşəbbüslər və uğurlu fəaliyyət sayəsində Azərbaycanın Hərəkatda sədrliyi daha bir il müddətinə uzadıldı. Bu nüfuzlu təşkilata sədrlik Azərbaycana nə verdi və həmin illər ərzində Hərəkat hansı uğurlara imza atdı?

Prezident İlham Əliyev: Bu sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük əminlik yaradıb. Çünki Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub. Hesab edirəm ki, Hərəkat daha qlobal oyunçular adlanan güclərin əleyhinə deyil, öz seçimi, öz ləyaqəti, ölkələrin xalqlarının istədikləri kimi yaşamaq istəyir. Biz bu prinsipləri həmişə bölüşmüşük və indi də bölüşürük. Fikrimcə, hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar, bizim rəhbər tutduğumuz prinsiplərə bələddirlər. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, necə deyərlər, Azərbaycanda deyildiyi kimi, “səninki səndə, mənimki məndə”. Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur. İnteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir. Bəs, onda demokratiya prinsipləri harada qaldı, bu strukturun guya əsaslandığı bərabərlik prinsiplərinə nə oldu? Əgər təşkilatın hər hansı üzvü hansısa məsələyə dair fərqli fikirdədirsə, ona qarşı ayrı-seçkilik, sanksiyalar tətbiq etmək, tamamilə qanunsuz olaraq maliyyə vəsaitindən məhrum etmək lazım deyil. Bütün bunlar dünyanın gözü qarşısında baş verir, yəni, artıq maskalar da çıxarılıb.

Bu səbəbdən biz könüllü inteqrasiya planını dəstəkləyirik, amma bu, məntiqli olmalı, ölkələrin maraqlarına cavab verməlidir. Ona görə də Qoşulmama Hərəkatı məhz qərarların qəbul edilməsində müstəqil olan alternativ struktur kimi yaradılıb, belə ki, həmin ölkələrin əksəriyyəti də müstəmləkəçiliyin nə demək olduğunu bilirlər. Amma zaman keçdikcə bu struktur bir az deqradasiyaya uğrayıb və hətta beynəlxalq arenada onu çox az adam xatırlayırdı. Biz bu təşkilata rəhbərlik etməyə başlayanda, təbii ki, formal rəhbər ola bilməzdik. Nəyin naminə oraya gəlmişdik? Sadəcə, vaxt keçirmək üçün deyil. Biz öz siyasətimizi aparmaq üçün gəldik. Əlbəttə, Azərbaycanın yekdilliklə seçilməsi və yekdil qərarla sədrlik müddətinin uzadılması bu siyasəti inamla aparmağa imkan verdi, çünki biz 120 ölkədən 119-nun mandatına malik idik. Təbii ki, əsas diqqəti ərazi bütövlüyü, suverenlik məsələsinə yönəltdik. Bu mövzu bizim üçün çox vacib idi, amma təkcə onunla kifayətlənmədik. Bütün milli nümayəndə heyətləri ilə apardığımız mütəmadi iş nəticəsində yeni platforma yarada bildik. Əlbəttə, başa düşürdük ki, funksional dinamika da lazımdır. Həmçinin bilirdik ki, təşkilata üzv ölkələrin bəziləri arasında barışmaz ziddiyyətlər mövcuddur və bu, Hərəkata təşkilat qismində transformasiya etməyə imkan vermirdi. Ona görə də platformaları yaradacaq strukturların təsis olunması yolu ilə getməyə qərar verdik. Bütün bunları dərhal etmək mümkün deyildi. Belə ki, biz Hərəkatın cəmi 10 il üzvü olduqdan sonra onun sədri seçildik. Bu səbəbdən bir neçə təşəbbüs irəli sürdük və onlar dəstəkləndi. Parlament, gənclər, qadın platformaları da belə yarandı. Bütün bunlar Hərəkata yeni nəfəs verdi və biz bir neçə sammit və nazirlər səviyyəsində tədbirlər keçirdik. Xüsusən COVID-lə üst-üstə düşdüyü zaman bizim vaksin milliyyətçiliyi ilə mübarizə sahəsində aktiv fəaliyyətimizə və Hərəkata yeni impuls verdi. Deməliyəm ki, bunlar, sadəcə, siyasi bəyanatlar deyildi, həm də əməli baxımdan Ümumdünya Səhiyyə Təşkilatı vaksinasiya aparılması üçün bizim məlumat bazamızdan istifadə edirdi.

Biz özünün əsl simasını göstərən ölkələrə qarşı fəal və çox aşkar çıxış edirdik. Məsələn, bu ölkələrdən biri uzun müddət dünyada mənəvi liderliyə iddia edirdi, hərçənd bunun üçün heç bir əsası yox idi. Mən Kanadanı nəzərdə tuturam. Amma onun dırnaqarası mənəvi liderliyi özünü onda göstərdi ki, bu ölkə lazım olduğundan beş dəfə artıq vaksin aldı. Sonra onların istifadə müddəti qurtardı və hamısını tulladılar. Bu vaksinlərə ehtiyacı olan bir çox ölkələr, sadəcə, özünün minlərlə, on minlərlə vətəndaşını itirirdi. Həmin vaxt məsələ onda deyildi ki, bu ölkələrin pulu yoxdur, sadəcə, vaksinlərə əlçatanlıq olmayıb. Yeri gəlmişkən, biz də əlçatanlıqla bağlı problemlə üzləşdik. Həmin vaxt mən Çin Xalq Respublikasının Sədrinə məktubla müraciət etdim. Yeri gəlmişkən, Mirşahinin sualından kimə zəng vurduğumu xatırladım. Cənab Si Cinpinə müraciət edərək Azərbaycana vaksin kvotası ayrılmasını xahiş etdim və çox minnətdaram ki, Sədr Si Cinpin olduqca operativ şəkildə cavab verdi və bizə 500 min vaksin ayrıldı, əlavə də 500 milyon doza. Yəni, biz Çindən bu köməyi aldığımıza görə, bir çox ölkələrdən əvvəl, yanvarın 20-dən etibarən vaksinasiyaya başladıq. Bizim satın almaq üçün pulumuz var idi, amma imkanlarımız yox idi. Kanadanın ehtiyacından beş dəfə çox vaksin satın aldığı bir vaxtda bu, təbiidir. Həmin vaksinlər necə yayılırdı? Axı, Çin istisna olmaqla, vaksin istehsalçıları əsasən Qərb ölkələri idi. Nə olsun ki? Onlar bunu necə yayırdılar, biz bütün bunları xatırlayırıq: ancaq özlərinə, sonra isə qalanını tullayırdılar. Yerdə qalanlar ölsə də, ölməsə də, xəstələnsə də - onların vecinə deyildi. Bütün bunlar bizi demokratiyaya, bərabərliyə, ədalətə, insan haqlarına öyrətməyə çalışanların əsl simasını bir daha aşkara çıxarır. Mən bunu yalançılıq, ikiüzlülük və riyakarlıq kimi xarakterizə edərdim. Biz maliyyə yardımı göstərirdik və sonra aldığımız vaksinlərin bir hissəsini ehtiyacı olan ölkələrə - 80-dən çox dövlətə verdik. Yəni, ölkənin, Azərbaycanın miqyasını götürsək, əhali və adambaşına düşən ümumi potensiala görə, yəqin ki, biz hamıdan çox yardım etdik. Bunu tamamilə düzgün hesab edirdik, çünki hər zaman yardım əlini uzatmaq lazımdır. Düşünürəm ki, bizim xarici siyasətimizi uğurlu edən amillərdən biri müraciət edildikdə və imkanımız olduqda həmişə yardım etməkdir. Hesab edirəm ki, həyatda da belədir, imkanın varsa kömək etmək lazımdır, yoxdursa bunu başa düşmək olar. Bu gün, sədrliyimizin başa çatdığı bu ayda onu Uqandaya təhvil veririk. Biz artıq tamamilə başqa struktur təhvil veririk və hələ Uqanda ilə üçlükdə yer alacağıq. Uqandadan sonra Özbəkistan rəhbərlik edəcək. Beləliklə, biz neokolonializm ilə mübarizə də daxil olmaqla, fəaliyyətimizi davam etdirəcəyik. Əlbəttə, dediyim və sizin də qeyd etdiyiniz kimi, Bakı Təşəbbüs Qrupu artıq həyata vəsiqə alıb, onu heç kim heç vaxt yerindən tərpədə bilməz. Hərəkatda aparıcı rola malik olmağımızdan asılı olmayaraq, Bakı Təşəbbüs Qrupu bizim fəaliyyətimizin nəticəsidir. Müstəmləkə ölkələr azadlıq əldə etmədikcə, biz bu məsələdə onlara kömək edəcəyik.

Rövşən Məmmədov: Cənab Prezident, beynəlxalq əlaqələrdən söz düşmüşkən, bir qədər öncə dediyiniz fikirdən çıxış edərək, sonuncu sualımı ünvanlamaq istərdim. Bildirdiniz ki, Qarabağ probleminin həlli qlobal arenada layları tərpətdi və təbii ki, biz həm düşmənlərimizi gördük, onların maskaları yırtıldı, həm də dostlarımızı daha yaxından tanıdıq. Məhz bu baxımdan Azərbaycanın beynəlxalq diplomatiyada atdığı önəmli addımlardan biri də dostlarının sayını artırmaq, əməkdaşlıq coğrafiyasını genişləndirməkdir. Həmçinin Azərbaycanın nümayiş etdirdiyi modellərdən biri də qlobal tədbirləri ölkəmizdə keçirməkdir. Artıq nəinki Bakı, işğaldan azad olunmuş ərazilər belə qlobal tədbirlərə ev sahibliyi edir və elə son üç ildə biz onlarla belə tədbirin adını çəkə bilərik və əlbəttə, 2023-cü il iki mühüm hadisə ilə bizim yadımızda qaldı. Bu, həm COP29-un, həm də Urban Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsidir. Bax, bu toplantılardan, bu qlobal platformalardan Azərbaycan həm əməkdaşlıq coğrafiyasının artırılması, həm də ədalətli mövqeyini bir daha bütün dünyaya çatdırmaq baxımından necə istifadə edəcək?

Prezident İlham Əliyev: Bəli, bunlar çox önəmli hadisələrdir, bir daha Azərbaycanın beynəlxalq nüfuzunu və bizim uğurlu siyasətimizi göstərir. Çünki COP29-la bağlı hadisələrin gedişatını indi hər kəs bilir və yenə də deyə bilərəm, tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq. Halbuki burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada. Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir addım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi. Ona görə pərdəarxası fəaliyyət daha çox özünü göstərmişdi və Dünya Urban Forumu ilə bağlı açıq şəkildə bizə qarşı kampaniya gedirdi. Səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərilirdi ki, amanın günüdür, Azərbaycana səs verməyin. Ancaq orada da iflasla üzləşdilər və bu iki tədbirin keçirilməsi, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracaq.

Bir də ki, bu günə qədər əgər COP tədbirlərini biz nəzərə alsaq, hətta Urban Forumu adətən inkişaf etmiş ölkələrdə, böyük ölkələrdə belə tədbirlər keçirilir. Çünki qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni, bu, ölkəmizin imkanlarının növbəti nümayişidir. Eyni zamanda, yaşıl gündəliyə bizim münasibətimizdir və biz artıq bu şərəfə layiq görüləndən dərhal sonra bizə qarşı yenə də media kampaniyası başlamışdır. Ənənəvi aktorlar – “Vaşinqton Post”, “Nyu-York Times”, - yadınızdadır, prezident Tramp onları feyk-nyus adlandırmışdı, çox haqlı olaraq feyk-nyus adlandırmışdı, - “Fiqaro” və başqaları dərhal bizə qarşı çirkin kampaniyaya başlamışdır. Heç bir əsası olmadan və hətta mənim tərəfimdən COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular. O, yəqin ki, belə hallarla ilk dəfə rastlaşır və irad tutdular ki, o, uzun illər neft şirkətində işləyib. Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra? Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir. Bütün bunlar kənara qoyulur, sanki bu, elə deyil. Amma bunun neft şirkətində çalışması bioqrafiyası var. Hər halda bunlar təbiidir, çünki bütün beynəlxalq tədbirlər keçiriləndə biz belə bir kampaniya ilə üzləşirik, istər Avropa Oyunları olsun, istər “Eurovision”, hətta Astronavtika Konqresi. Yəni, necə deyərlər, artıq bu olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyirlər Qərbdə. Yəni, əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik.

Hər halda bu iki tədbirin keçirilməsi doğrudan da böyük hadisədir və əminəm ki, hər iki tədbir uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar. Mahiyyət nöqteyi-nəzərindən, hesab edirəm ki, neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir. Çünki bu, bizə irad tutulur və hətta Birləşmiş Ərəb Əmirliklərinə də, ondan əvvəl Misirə də və belə bir irad tutulur ki, neft-qaz hasil edən ölkələrdə bu, üçüncü dəfə baş verir. Amma buna başqa nöqtədən yanaşmaq lazımdır. Bax, bu ölkələr - neftlə, qazla zəngin olan ölkələr bu prosesin içindədirlər. Onlar ümumi işimizə töhfə vermək istəyirlər. Azərbaycan da, bizdən daha çox Birləşmiş Ərəb Əmirlikləri yaşıl enerji olmadan da rahat enerji təhlükəsizliyini nəinki təmin edir, bir çoxlarının enerji təhlükəsizliyini təmin edir. Amma bu, böyük bir məsuliyyət rəmzidir. Onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir.

Mirşahin Ağayev: Cənab Prezident, Sizə bayaqdan diqqətlə qulaq asıram, belə baxanda Fransa güclü dövlətdir, nüvə dövlətidir. Biz onlara Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri olduğu dövrdə nəinki uduzmadıq, hətta qalib gəldik. Belə baxanda, mübarizə apardığımız Qərb dövlətlərinin hamısı kifayət qədər qüdrətli dövlətlərdir. Amma, eyni zamanda, zəifləyiblər və Azərbaycan onların heç birinin iradəsi qarşısında sınmır. Belə bir sual vermək istəyirəm. Nədədir Prezident İlham Əliyevin gücü və nədədir onların zəifliyi? Məsələn, niyə onların Azərbaycana gücləri çatmır, bir qadından acığını çıxırlar, özü də qadının heykəlindən? Əməkdaşlarımız Fransada olublar, Natəvanın heykəlinə bükülmüş örtüyü qaldırıblar. Görüblər ki, onu boyayıblar. Nədir onları belə zəif edən və nədir Sizi belə güclü edən?

Prezident İlham Əliyev: Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur. Belə cəhdlər olub. Son vaxtlar daha yoxdur. Çünki artıq görüblər. Amma olub. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq. Hətta işğal dövründə onların daxili proseslərinə də heç vaxt qarışmırdıq. Halbuki bizim kifayət qədər imkanlarımız var idi. Bu gün də var, bu gün də qarışmırıq. Baxın, bizim daxili işlərimizə nə qədər qarışma cəhdləri olub. Nə qədər məkrli planlar qurulub bizə qarşı. Siz bunların hamısını yaxşı xatırlayırsınız. Hələ 1990-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırıq. Axı, bizim torpaqlarımız işğala məruz qalıb, biz necə blokadada saxlaya bilərik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda var idi. Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı və ondan sonra biz nə qədər belə əsassız ittihamlara məruz qalmışdıq. Tamamilə əsassız.

Yəni, biz bu məsələdə də haqlı idik, öz müstəqilliyimizi qoruyurduq, necə deyərlər, öz hədəfimizə doğru gedirdik və indi keçmiş hadisələri yeni prizmadan təhlil edərkən görürəm ki, yəqin bizə qarşı olan bu ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, bizim başımız buna qarışsın, biz gecə-gündüz özümüzü müdafiə edək, yaxud da gedək onların qabağında baş əyək, deyək ki, siz bizə sataşmayın. Amma biz nə etdik? Biz əksinə, bizə olan hücumlara qarşı öz mövqeyimizi ortaya qoyduq və onlar da gördülər ki, bizimlə keçmir və Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı. Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar. Yəni, sizin sualınıza bir qədər geniş cavab verirəm. Amma bax, bunun əsas platforması budur. Biz hər zaman haqlı olmağımızda tam əmin idik və bir dənə də nahaq iş görmədik. İndi yenə də deyirəm, bizi ittiham edirlər ki, biz Ermənistana hücum etmək istəyirik. Mən bunu artıq demişəm, bir daha deyirəm tam səmimiyyətlə, istəsəydik girərdik, lap axıra qədər gedərdik. Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən. Ölümə gedirdilər, siz yaxşı bilirsiniz.

Bizə qarşı olanlar haqqında mən çox danışmışam, bəlkə də kifayətdir bu müsahibə üçün. Amma onlar bizi düzgün qiymətləndirə bilməyiblər, yəqin ki, ona görə uduzublar. Əgər bizi düzgün qiymətləndirsəydilər, bizə qarşı çıxmazdılar, bizə qarşı çıxmaq hər birinə çox baha başa gələ bilər. Qeyd etdiyiniz bu hadisələr həm BMT-də, həm Avropa İttifaqında bunun əyani sübutudur.

Rövşən Məmmədov: Cənab Prezident, artıq üç saata yaxındır ki, müsahibə davam edir və 20-dək istiqamət üzrə suallarımızı cavablandırdınız. Müsahibəyə görə təşəkkür edirik və gələcək fəaliyyətinizdə, xüsusən də yeni missiya uğrunda fəaliyyətinizdə hər birimiz adından Sizə uğurlar arzu edirik, minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Sizə də uğurlar, cansağlığı, Yeni ildə yeni qələbələr arzulayıram.

Rövşən Məmmədov: İnşallah.

Prezident İlham Əliyev: Sağ olun.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: