Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilib və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunub. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb.
Bununla paralel olaraq, Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilib və 5060 sayğac quraşdırılaraq şəhərin su təchizatı sisteminin yenidən qurulması işləri tam yekunlaşıb. Eyni zamanda, layihə çərçivəsində şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos stansiyası və məhsuldarlığı gündə 4 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Ötən dövr ərzində uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru və 1 nasos stansiyası inşa edilib.
Yeni yaradılmış infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilib. Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə 17 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilib.
Qeyd olunub ki, indiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilir.
Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə saldı.