Azərbaycan Prezidenti İlham Əliyev Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirildi. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edildi.
Prezident İlham Əliyev BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında ali səviyyədə aparılan diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər yüksək qiymətləndirildi.
Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə etdi.
Seneqalın səfiri ölkəmizin bu Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.
İkitərəfli əməkdaşlığa toxunan Prezident İlham Əliyev siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğuladı.
Dövlətimizin başçısı səfirin Azərbaycanda keçirəcəyi rəsmi görüşlərin və onun fəaliyyətinin əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edildi, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.
Səfir Seneqalda da neft aşkarlandığını bildirərək ölkəsinin neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin Seneqal üçün çox maraqlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd etdi.
Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət etdi.