Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 4-də qeyd edilən Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində hesabat dərc edib.
NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən hazırlanan hesabatda 2050-ci ilədək bütün dünyada bu xəstəliyə 35 milyondan çox yeni yoluxma halının gözlənildiyi, bu göstəricinin 2022-ci il ilə müqayisədə 77 faiz çox olduğu bildirilir. Əhalinin yaşlanması və artımı, eləcə də tütün, alkoqol, piylənmə və havanın çirklənməsi alimlərin proqnozlaşdırdığı sürətli artımın əsas amilləridir.
ÜST-nin xərçəngə epidemioloji nəzarət şöbəsinin rəhbəri doktor Freddi Breyin sözlərinə görə, xərçəng xəstəliklərinin sayının ümumi artma tendensiyası insan inkişafı indeksinin müxtəlif səviyyələrdə olduğu ölkələrdə qeyri-bərabər hiss olunacaq. Qlobal yükün əsas ağırlığını xərçənglə mübarizədə hamıdan az resursu olan ölkə çəkəcək.
ÜST-nin 115 ölkədə apardığı sorğunun nəticələri göstərir ki, dövlətlərin əksəriyyətində xərçəngin müalicəsi sahəsində baza xidmətlərinin adekvat maliyyələşdirilməsi yoxdur. Bundan başqa, dünyada müxtəlif əhali qruplarının onkoloji xəstəliklərin keyfiyyətli müalicəsinə əlçatanlığında bərabərsizlik hökm sürür.
2022-ci ildə dünyada ən geniş yayılmış üç xərçəng növünə ağciyər, süd vəzi və kolorektal (yoğun və ya düz bağırsaq) xərçəng növləri aiddir.
Ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbkarıdır (1,8 milyon ölüm halı və ya xərçəngdən ümumi ölüm hallarının 18,7 faizi). Sonrakı yerlərdə kolorektal xərçəng (900 min ölüm halı və ya 9,3 faiz), qaraciyər xərçəngi (760 min ölüm halı və ya 7,8 faiz), döş xərçəngi (670 min ölüm halı və ya 6,9 faiz) və mədə xərçəngi (660 min ölüm halı və ya 6,8 faiz) gəlir.
ÜST ekspertləri ehtimal edirlər ki, ağciyər xərçənginin geniş yayılması bir çox hallarda Asiyada tütün məmulatlarından kütləvi şəkildə istifadənin davam etməsi ilə bağlıdır.
“İnsanın yaşayış yeri onun həyatda qalıb-qalmayacağını müəyyən etməməlidir. Elə vasitələr var ki, onlar hökumətlərə xərçəngin müalicəsinə prioritet diqqət ayırmaq, eləcə də hamı üçün ucuz və keyfiyyətli xidmətlərin əlçatanlığını təmin etmək imkanı verir. Bu, təkcə resurs çatışmazlığı deyil, həm də siyasi iradə məsələsidir”, - deyə Xərçənglə Beynəlxalq Mübarizə Birliyinin rəhbəri Keri Adams bildirib.