Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu fevralda qeyd etmək qərara alınıb.
NUHÇIXAN xəbər verir ki, hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir, böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəng növüdür. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşaq və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.
Erkən və vaxtında aparılan diaqnostika onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstəliyin birinci və ya ikinci mərhələdə aşkar edilməsi onun uğurlu müalicəsinə səbəb olur. Ancaq xərçəng xəstəliyi əksər hallarda üçüncü, 8 faiz hallarda isə hətta dördüncü mərhələdə aşkar edilir. Lakin xəstələrin onda bir hissəsində üçüncü, səkkizdə bir hissəsində isə yalnız dördüncü mərhələdə onkologiya aşkar olunur.
Çətinlik ondan ibarətdir ki, onkologiyanın 200-dən artıq forması var və xəstəlik hər bir orqanda başlaya bilər. Uşaqlar arasında ən çox leykemiya və qan xərçəngi yayılıb. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.
2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda həmin klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.