Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

A- A A+

Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

NUHÇIXAN “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun üzvü Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.

K.Takahashi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı qeyd edilib. Bildiriblər ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək: “Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir”.

Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. Həmin dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək. Heyvan tədqiqatlarında bu günə qədər heç bir mənfi təsir aşkar olunmayıb. Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər. 2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan “USAG-1” molekuluna təsir edərək işləyir. Müvafiq olaraq dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda alimlər dərman sayəsində dişlərin yenidən inkişafını müşahidə ediblər.

K.Takahashi açıqlamasında əlavə edib: “Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variantı təmin etsin”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: