Regional İnkişaf İctimai Birliyi Naxçıvanda konfrans keçirib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə "Səhiyyədə İnnovativ Yanaşmalar" adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxov çıxış edərək səhiyyəsi işçiləri adından Heydər Əliyev Fondunun Vitse-Prezidenti Mehriban xanım Əliyevaya bu sahənin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Heydər Əliyev Fondu ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Babək Tatlıyev öz çıxışında birliyin səhiyyə sahəsində gördüyü işlər haqqında geniş məlumat verib. O, həmçinin konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq, həkimlərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Mərhəmətli Ürək Assosiyasiyasının rəhbəri Nuranə Əliyeva regionlarda təşkil edilən səhiyyə aksiyaları barədə məlumat verərək bu tədbirlərin əhəmiyyətinə diqqət çəkib.
Məlhəm Beynəlxalq Hospitalının direktor müavini Ceyla Əhmədxanova isə iki gün davam edən aksiyalar barədə məlumat verərək təşkilatçılara təşəkkürünü ifadə edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli çıxışında Naxçıvanda səhiyyə sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayaraq bu yeniliklərin bölgənin səhiyyə infrastrukturunun inkişafına təsirini xüsusi vurğulayıb.
Konfransın elmi hissəsində ixtisaslaşmış həkimlərin təqdimatları dinlənilib. “Arterial hipertenziyada ən son yeniliklər”, “Ürək miksomaları”, “Onkologiyada ənənəvi müalicə üsulları”, “Parkinson xəstəliyinin cərrahi müalicəsi” və “Psixi sağlamlıq sistemində yaranan boşluqların aradan qaldırılması” mövzularında müzakirələr aparılaraq praktiki və nəzəri biliklərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.