Naxçıvanda "Klinik laborator diaqnostikada müasir prinsiplər" adlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında "Klinik laborator diaqnostikada müasir prinsiplər" adlı elmi-praktiki konfrans keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Referans Medical Group və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransda Referans Klinik Laboratoriya Mərkəzindən dəvət olunmuş 10 mütəxəssis çıxış edib. Onlar laborator diaqnostikanın müasir prinsipləri, yeni texnologiyalar və xüsusi laborator testlər haqqında məruzələr təqdim ediblər. Məruzələr zamanı klinik laborator diaqnostikada əldə olunan son nailiyyətlər və bu nailiyyətlərin xəstəliklərin erkən aşkarlanmasında, dəqiq diaqnozun qoyulmasında oynadığı mühüm rol xüsusi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb və müxtəlif kliniki hallar əsasında interaktiv müzakirələr təşkil olunub. İştirakçılar təcrübələrini bölüşərək bu sahədəki yenilikləri praktik fəaliyyətlərində necə tətbiq edə biləcəkləri barədə fikir mübadiləsi aparıblar.
Konfransda 200-ə yaxın həkim iştirak edib. Onların arasında müxtəlif ixtisas sahibləri, laborator mütəxəssislər və tibb işçiləri yer alıb. Konfransın əsas məqsədi Naxçıvanda fəaliyyət göstərən həkimləri müasir laborator diaqnostik yanaşmalar barədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.
Tədbir təşkilatçıları bildiriblər ki, növbəti il ərzində də Naxçıvanda bu cür seminar və konfransların keçirilməsi planlaşdırılır. Belə tədbirlər həkimlərin biliklərini daim yeniləməsinə, tibbi praktikanın daha effektiv və dəqiq həyata keçirilməsinə töhfə verəcək.
Konfrans iştirakçıları təşkilatçılara minnətdarlıqlarını bildirərək bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayıblar.