Yeni illə əlaqədar qeyri-iş günlərində (30.01.2024 - 05.01.2025) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 39 min 881 çağırış daxil olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, çağırışlardan 18 min 597-si paytaxt Bakı üzrə, 21 min 284-ü isə bölgələrdə qeydə alınıb. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 min 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış bu ilin yanvar ayının 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 min 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Qeyd edək ki, çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.