Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin yeni geolokasiyaları istifadəyə verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir və eyni zamanda yeni geolokasiyalar istifadəyə verilir. Aparılan məqsədyönlü islahatlar nəticəsində Təcili Tibbi Yardım Xidməti sahəsində önəmli addımlar atılıb. Belə ki, Təcili Tibbi Yardım Xidməti bugünədək 8 geolokasiyada fəaliyyət göstərirdi.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, son günlər ərzində Babək rayonu üzrə Nehrəm Qəsəbə Ailə Sağlamlıq Mərkəzi və Cəhri Qəsəbə Ailə Sağlamlıq Mərkəzində, Culfa rayonu üzrə Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzində, Şahbuz rayonu üzrə Kolanı Kənd Ailə Sağlamlıq Mərkəzində, Ordubad rayonu üzrə Sabir Kənd Ailə Sağlamlıq Mərkəzində, Şərur rayonu üzrə isə Xanlıqlar Kənd Ailə Sağlamlıq Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin yeni geolokasiyaları fəaliyyətə başlayıb.

Açılış tədbirlərində Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bu islahatların davamı olaraq həyata keçirilən bu yenilik, Təcili Tibbi Yardım Xidmətinin şəbəkəsinin genişləndirilməsi və sakinlərin tibbi yardıma əlçatanlığının artırılması baxımından çox əhəmiyyətlidir. Həmçinin, o qeyd edib ki, Ailə Sağlamlıq Mərkəzlərinin daxili təchizatı ilə bağlı bir sıra satınalmalar həyata keçirilib. Bütün Ailə Sağlamlıq Mərkəzləri rentgen, hemotoloji analizator, EKQ, USM, ailə həkimləri üçün tam təchizatlı çanta və digər zəruri avadanlıqlarla təmin olunacaq.

Yeni geolokasiyaların istifadəyə verilməsi həmin ərazilərdə yaşayan əhaliyə təcili tibbi yardım xidmətlərinin daha sürətli və effektiv şəkildə göstərilməsinə imkan verərək, sağlamlıq sahəsində daha yüksək keyfiyyət və əlçatanlıq təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: