TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü il ərzində ümumilikdə 24 063 849 müraciət qeydə alınıb.
Bu barədə NUHÇIXAN-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Bunlardan 588 431-i stasionar, 23 475 418-i ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23%, 2023-cü illə müqayisədə 10% çox olub.
2024-cü ildə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 426 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 33 343 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 209 889-u stasionar, 28 133 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112%, 2023-cü illə müqayisədə isə 31% artım qeydə alınıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 520 cərrahi əməliyyat və prosedur (345 191 stasionar, 30 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16%, 2023-cü illə müqayisədə isə 9% artıb.