Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər Dövlət Proqramı”na uyğun olaraq, əhalinin sağlamlığının təmin edilməsi məqsədilə müasir tibb infrastrukturunun yaradılması üçün ardıcıl tədbirlər görülür.
Naxçıvan şəhərində daha bir səhiyyə ocağı yaradılır. NUHÇIXAN xəbər verir ki, belə ki, Naxçıvan Muxtar Respublika Hemodializ Mərkəzində görülən işlər yekunlaşmaq üzrədir. Bu kateqoriyadan olan xəstələrə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdılması məqsədilə Mərkəzin bu ilin aprel ayının sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə daha rahat və keyfiyyətli xidmətin göstərilməsi, müasir avadanlıqların alınması məqsədilə müvafiq satınalmalar həyata keçirilib.
Həmçinin hemodializ xidmətinin göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş wi-fi və qulaqcıq girişli HD keyfiyyətli monitorları olan 3 idarəetmə mühərrikli hemodializ kresloları, eləcə də ən son texnologiyaya uyğun istehsal olunan 33 hemodializ cihazı alınıb.
Alınan avadanlıqlardan artıq 7-i təhvil verilib, digərlərinin isə təmir işləri yekunlaşdıqdan sonra təhvil verilməsi nəzərdə tutulub. Hemodializ Mərkəzində osmos cihazları da quraşdırılıb. Bu cihaz nəticəsində hemodializ prosesində toksinlərin və artıq maddələrin effektiv təmizlənməsi təmin ediləcək və müalicə proseslərinin daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradılacaq.
Yeni yaradılan Hemodializ Mərkəzində uşaqların dializ prosesini daha rahat keçirmələri üçün pediatrik dializ bölməsi də yaradılıb.
Görülən işlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.