Bu gündən Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.
NUHÇIXAN xəbər verir ki, xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.
Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.
Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSMN-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
Bundan əlavə, elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq.