Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Konsepsiyada əksini tapmış “Ali məktəblər üçün virtual əczaçılıq zavodu” layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində “Elmi-istehsalat təcrübə bazası”nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:
"Konsepsiyanın Tədbirlər Planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq".