Böyrək köçürmələrində qan qrupu problemi aradan qalxır - FOTOLAR
Alimlər bütün qan qruplarına uyğun “Universal” böyrək hazırlayıblar.
NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, 10 illik intensiv tədqiqatlardan sonra tədqiqatçılar böyrək transplantasiyasında qan qrupu maneələrini aradan qaldıra biləcək əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Kanada və Çinin müxtəlif elmi-tədqiqat institutlarından olan komanda nəzəri cəhətdən istənilən xəstə tərəfindən qəbul edilə bilən “Universal” böyrəyi uğurla yaradıb. Bu yeni kəşf, orqan nəqli gözləyən minlərlə xəstə üçün böyük ümiddir.
Hazırlanan “Universal” böyrək, donor və alıcı arasındakı qan qrupu uyğunluğu zərurətini aradan qaldıraraq, nəqli gözləyən daha çox xəstənin həyatını xilasetmə potensialına malikdir. Dönüşdürülmüş böyrək, beyin ölümü baş vermiş bir insanın bədənində qısa müddət ərzində sınaqdan keçirilib. Böyrək bir neçə gün işləyib və sidik istehsal etməyə davam edib.
Bununla yanaşı, canlı insanlar üzərində sınaqlar keçirilməzdən əvvəl həll edilməli olan bir çox problem qalır. Çünki, sınaq zamanı üçüncü gündə yüngül bir immun reaksiyası müşahidə edilsə də, bu reaksiya gözləniləndən daha zəif olub və bədənin orqanı qəbul etməyə cəhd etdiyi müşahidə olunub.
Elm adamları, bu texnologiyanın insan sınaqlarına keçməsini səbirsizliklə gözləyirlər. Uğurlu olacağı təqdirdə, orqan nəqli gözləyən insanların siyahısı əhəmiyyətli dərəcədə azala bilər.