Günümüzdə minlərlə insan diabet xəstəliyindən əziyyət çəkir. Cəmiyyətdə sakit şəkildə yayılan bu xəstəlik bir çox insanların həyatına ciddi təsir göstərir. Bir çoxu illərlə bu xəstəliklə mübarizə apardıqlarından xəbərsiz olur. Bəziləri xəstəliyi nəzarətdə saxlayaraq həyatlarına davam edir, bəziləri isə təəssüf ki, mübarizədə məğlub olurlar.
İnsanları bu xəstəlik barədə maarifləndirmək və diabetlə mübarizəni gücləndirmək məqsədilə 1991-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyası tərəfindən hər il noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunmağa başlanılıb.
Bəs diabet nədir?
Diabet mellitus, yaxud şəkər diabeti adlandırılan bu xəstəliklə bağlı araşdırmalar kanadalı alim Frederik Bantinqin gənc dostunu itirməsindən sonra başlayır. Alimin araşdırmaları nəticəsində 1922-ci ildə insulin hormonu tapılır və bu kəşf 14 yaşlı bir oğlanın həyatını xilas edir.
Xəstəliyin əsas səbəbi qanda şəkərin normadan yüksək olmasıdır. Şəkərli diabet daha çox irsi olur, bundan əlavə, hərəkətsiz həyat tərzi və yüksək stress də xəstəliyin yaranmasına səbəb ola bilər.
Şəkər xəstəliyini nəzarətdə saxlamaq üçün insulin və ya dərman preparatlarından istifadə olunur. Bununla yanaşı, düzgün qidalanmaya da xüsusi diqqət etmək vacibdir. Şabalıd, çuğundur, kök, şalğam, yemiş, xurma, böyürtkən, əzgil, zirinc, qarağat, alma, armud, qara tut, sarımsaq və s. qidalar diabet xəstələri üçün faydalıdır.
Nurtac İsmayılova
