Şərur Rayon Mərkəzi Xəstəxanasına mühüm tibbi avadanlıqlar verilib - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı kimi bu gün Şərur Rayon Mərkəzi Xəstəxanasına bir sıra mühüm tibbi avadanlıqlar təhvil verilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, xəstəxananın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində tibb müəssisəsinə 1 ədəd laparoskopik dayaq dəsti, 2 ədəd 12 kanallı EKQ cihazı, 1 ədəd neonatal funksiyalı İVL cihazı, 2 ədəd standart funksiyalı İVL cihazı, 3 ədəd defibrilyator, 2 ədəd çoxfunksiyalı defibrilyator, 38 ədəd standart funksiyalı xəstəbaşı monitoru, 5 ədəd çoxfunksiyalı xəstəbaşı monitoru,1 ədəd tam rəqəmsal, yüksək həssaslığa malik ultrasəs müayinə cihazı (USM) təhvil verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov görülən işlərin rayon əhalisi üçün əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm nəticələr verdiyini qeyd edib.
Muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov çıxışında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq reallaşdırılan islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir.
Çıxışı zamanı nazir son dövrlərdə səhiyyə sahəsində aparılan yeniliklər barədə məlumat verib, həmçinin yaxın zamanlarda Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən bəhs edib.