Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova donor qanında infeksiyaları daha erkən aşkarlayacaq yeni texnologiya barədə açıqlama verib.
NUHÇIXAN-ın məlumatına görə, ilk növbədə, seroloji testlərdən danışan S.Məhərrəmova bildirib ki, bunlar donor qanında viruslara qarşı yaranmış anticisimləri (antikorları) aşkar edir.
O qeyd edib ki, bu testlər vasitəsilə hepatit B (HBV), hepatit C (HCV), İİV (HİV), sifilis infeksiyalarına qarşı yaranmış immun cavab qiymətləndirilir. Seroloji analizlər əsasən donorun keçmişdə və ya hazırda bu infeksiyalara yoluxub-yoluxmamasını müəyyən etməyə xidmət edir.
"NAT testləri isə virusların genetik materialını – yəni DNT və ya RNT-sini – birbaşa aşkar edir. Bu testlər infeksiyanın ən erkən mərhələsində, hələ immun cavab formalaşmadan, virusun mövcudluğunu müəyyən etməyə imkan verir. NAT texnologiyası çox yüksək həssaslıq və spesifiklik dərəcəsinə malikdir və seroloji testlərlə müqayisədə "pəncərə dövrünü" əhəmiyyətli dərəcədə qısaldır. Bu isə o deməkdir ki, NAT testləri ilə yoluxmuş, lakin seroloji olaraq hələ aşkar olunmayan donor qanı daha erkən mərhələdə müəyyən edilə bilər", - o bildirib.
S.Məhərrəmova əlavə edib ki, bu testlər hepatit B, hepatit C və İİV kimi infeksiyalar üçün geniş tətbiq olunur və donor qanının təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır. Beləliklə, seroloji testlər immun cavabı qiymətləndirərək yoluxmanın olub-olmadığını göstərir, NAT testləri isə virusun özünün genetik materialını birbaşa aşkar edir:
"Hər iki üsul bir-birini tamamlayaraq, donor qanının tam təhlükəsizliyini təmin etmək məqsədilə paralel şəkildə tətbiq olunur. Səhiyyə Nazirliyi Respublika Qan Bankında bu testlərin hər ikisinin tətbiqi beynəlxalq protokollara və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun şəkildə həyata keçirilir".
