İndiyədək sağalmaz sayılan irsi Ştarqardt xəstəliyindən əziyyət çəkən pasiyentə PRIMA adlı retinal çip uğurla implantasiya edilib. Şirkətin açıqlamasına görə, pasiyent reabilitasiya məşğələlərinin ilkində hərfi, ikinci seansda isə sözü oxuya bilib.
NUHÇIXAN “Bloomberg Sharq” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Science Corporation” şirkətinin təsisçisi və baş direktoru Maks Hodak bildirib.
Qeyd olunur ki, əməliyyat Avstraliyanın Sidney Göz Xəstəxanasında klinik sınaq çərçivəsində həyata keçirilib. Ştarqardt xəstəliyi torlu qişanın işığa həssas hüceyrələrini zədələyərək mərkəzi görmənin tədricən itirilməsinə səbəb olur. Hazırda xəstəliyin tam müalicəsi mövcud deyil.
Ölçüsü cəmi 2×2 millimetr olan PRIMA çipi torlu qişanın altına yerləşdirilir və zədələnmiş fotoreseptorların funksiyasını qismən əvəz edir. Kamera ilə təchiz olunmuş xüsusi eynək görüntünü çipə ötürür, çip isə siqnalların torlu qişa vasitəsilə beyinə çatdırılmasına kömək edir.
Bununla belə, texnologiya hələlik normal görməni bərpa etmir. Pasiyent yalnız kiçik sahədə, ağ-qara və yüksək kontrastlı, məhdud detallara malik görüntü əldə edə bilir.
Şirkət növbəti mərhələdə daha böyük çip və xırda elektrodlar vasitəsilə görmə sahəsini və təsvirin dəqiqliyini artırmağı planlaşdırır. Hodak yeni nəslin insanlarda sınaqlarının gələn il başlaya biləcəyini, beş il ərzində isə təbii görmə dəqiqliyinə əhəmiyyətli dərəcədə yaxınlaşmağın mümkün olacağını düşünür.
