Heyva bitkisi dünyada çox az yayılıbdır. Keçmiş SSRİ ərazisində əsasən Orta Asiya, Güney Qafqaz, Kırım və Şimali Qafqazda becərilir. Bir çox mənbələrdə bu bitkinin 4 min ildən çox becərildiyi qeyd edilir. Monofiletik bitkidir, yalnız bir növü yayılıb (Adi heyva). Azərbaycanda isə çox geniş əkilib becərilir. Milli meyvə qrupuna daxildir. Təsadüfi deyil ki, qədim mahnılarda, el bayatılarında, əfsanə və nağıllarda heyva xoşbəxtlik, məhəbbət rəmzi olan bir meyvə kimi tanınır. Azərbaycanın Kür-Araz düzənliyi, Lənkəran-Astara zonası, Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazilərində geniş əkilib becərilir. Respublikamızın əksər rayonlarında yetişən heyvanın həm meyvələrindən, toxumundan, həm də yarpaqlarından şəfaverici vasitə kimi istifadə edilir.
Kimyəvi tərkibi: Heyva meyvələrinin tərkibi çox zəngindir. Belə ki, meyvələrində 8,11% şəkər, 0,85-2%-dək turşular, 1,78% pentozalar, 0,42-0,66% dabbaq maddələr, 0,33% pektin və protopektin, müxtəlif vitaminlər vardır. Heyva meyvələrində olan mineral maddələr (K, Na, Ca, Mq, Te, P, S, Si) 0,51% təşkil edir. Heyva tumlarının tərkibində amiqdalin qlükozid, fruktoza, qlyukoza, çoxlu turşu (Alma və limon turşuları), C vitamini, karotin (A provitamini) vardır.
Müalicəvi əhəmiyyəti: Azərbaycan xalq təbabətində hеyva tumlarının çayından xırıltılı səsdə və öskürək zamanı qəbul etmələri tövsiyə еdilir. Mеyvəsini, onun həlimini qanaxmada və ishal zamanı sidikqovucu vasitə kimi qəbul etdikdə yaxşı kömək edir. Müasir təbabətdə hеyvanın mеyvəsi və tumlarını büzüşdürücü vasitə kimi istifadə еdirlər. Hеyvanın yarpaqlarından hazırlanmış spirtli cövhər qan təzyiqini aşağı salır və spazmaları aradan götürür. Şərqdə qədimdən hеyvanı şkaflara və sandıqlara qoyurdular ki, güvəni qovsun, paltarlara xoş ətir hopdursun. Hеyva sеntyabr-oktyabr aylarında yеtişir. Onu üz-göz və sous kimi qırmızı ətdə, quş ətində, həmçinin pörtlədilmiş ətdə və başqa yеməklərdə də istifadə etmək məsləhətdir.
Azərbaycanın bir sıra bölgələrində heyva ağacının gövdə və qol-budaqlarının qabıqlarını qurudur, çay kimi dəmləyərək quru öskürəyi kəsməyə qarşı içirlər. Cənub bölgəsində yaşayan insanlar heyvanın toxumundan "heyvarub" adlanan məhlul hazırlayıb soyuqdəymələrdə əmələ gələn müxtəlif xəstəliklər zamanı indi də istifadə edirlər. Heyva ağacının yarpaqlarından hazırlanmış çayı şirinləşdirib qarın ağrıları, ishal, eləcə də qusma zamanı uşaqlara içirirlər.
Şəfaverici xüsusiyyətlərinə görə heyva farmakoloji cəhətdən də araşdırılıb. Kliniki təcrübələr nəticəsində öyrənilmişdir ki, heyvanın qurudulmuş yarpaqlarından sulu dəmləmə və ekstrat hazırlanaraq ürək-damar xəstəliklərində istifadəsi əlverişlidir. Heyva yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi təsir göstərir.
İbn Sina (980-1037 illər) qеyd еdir ki, hеyva mürəbbəsi mədəni bərkidir, ishala və həzmin pozulmasına kömək еdir və qusmanın qarşısını alır. O dövrün nüsxəsinə əsasən, yaxşı, iri hеyvanı götürərək, içini və qabığını təmizləyirlər və dörd yеrə bölüb, ballı suda bişirirdilər. Ballı suyun hazırlanmasında 2 hissə su, 1 hissə bal götürülür. Bəzi adamlar onu çaxırla və balla bişirirdilər. Sonra soyudaraq 2-ci gün ancaq balla bişirirdilər. Axırda hеyvanı qablara yığaraq üzərinə ədviyyat tökürdülər (mixək, darçın, zəncəfil, hil və s.), onun da üzərinə bal əlavə еdərək, saxlayırdılar. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızıda dərilən heyva meyvələri mədə və bağırsağı gücləndirir. Lakin çox istifadə etdikdə qəbzliyi artırır, qanı təmizləyir, ürək döyüntüsünü azaldır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı işlətmək daha yaxşı fayda verir. Körpə və ilk məktəbə gedən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. O, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq verir.
Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay əsəb sistemini sakitləşdirir. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağrısına da faydalıdır. Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etdikdə yaxşı nəticə verir. Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər. Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.
Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir edir. Bunu acqarına içdikdə daha yaxşı nəticə verir.
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısı alınırr.
Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər.
Susuzluq: Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.
Ürək: Heyvanın özü, kompotu və tumu - bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır. Müntəzəm heyva qəbul edən insanlarda ürək problemləri və xəstəlikləri nadir hallarda yaranır.
Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır. Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.
Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik vasitə kimi istifadə edilməsinin də çox xeyiri var. Belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq verir. Üz və boyuna tədbiq etmək isə qırışların azalmasına kömək edir.
Dəriyə təbii yumşaqlıq, təravət verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxarıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi əsas şərtdir. Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verir.
Heyva maskası: Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunluğu aradan qaldırmaq üçün ideal vasitədir.
Yağlı dəri üçün heyva suyu: Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.
Təmizləyici heyva maskası: 1 heyvanı süzgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.
Yağlı saçlara heyva maskası: 1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.
Yanıqlar üçün heyva: 5 ədəd heyvanın tumlarını çıxarın. Ağzı qapalı bir bankanın içinə tumlarını əlavə edərək üzərinə yarım stəkan qaynar su tökün və 5 dəqiqə ərzində yaxşıca çalxalayın. Bu qarışığı yanıqlara gündə 1-2 dəfə sürtün.
Loğman Bayramov
AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun əməkdaşı