Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti uğurlu cərrahiyyə əməliyyatı aparılıb - FOTOLAR
Xarici ölkələrin birində tanınmış həkim-cərrahın ölüm riski yüksək olduğuna görə əməliyyatından imtina etdiyi 80 yaşlı xəstə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin həkim-cərrahı Nazim İbrahimov tərəfindən aparılan tibbi əməliyyat nəticəsində sağlamlığına qovuşub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, anestezioloq, Azərbaycan Respublikasının Əməkdar həkimi Ənvər Şıxəliyevin iştirakı ilə Mələk Əliyevanın üzərində aparılan öd kisəsinin xaric edilməsi (xolesistektomiya) və göbək yırtığının bərpası əməliyyatı 1 saat 10 dəqiqə davam edib və uğurla başa çatıb.
Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır və stabil olaraq qiymətləndirilib. Bu yaşda olan xəstələrin əməliyyatında istər cərrahi, istərsə də anestezioloji hazırlıq və yüksək peşəkarlıq əsas amillərdəndir. Ciddi risk amilini diqqətə alan həkim-cərrah dünyada aparılan əməliyyatlara və tibbi yeniliklərə dair ən müasir protokolu tətbiq etməklə uğurlu nəticəyə nail ola bilib. Əməliyyata hazırlıq mərhələsinin düzgün təşkili, ən qısa zamanda ən düzgün taktikanın seçilməsi də bu məsələdə mühüm rol oynayıb.
Xəstənin həyat yoldaşı, Kəngərli rayonunun Yurdçu kənd sakini Feyzulla Əliyev dövlətimizə yaratdığı bu şəraitə görə minnətdarlıq edərək bildirib ki, xarici ölkənin tanınmış həkimlərinin imtina etdiyi əməliyyatın muxtar respublikada uğurla aparılması Naxçıvan səhiyyəsinin inkişaf səviyyəsini göstərir. Bu, həm də muxtar respublikanın səhiyyə işçilərinin peşəkarlıq səviyyəsinin ildən-ilə daha da artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Məhz buna görə də bu gün ən çətin tibbi əməliyyatlar Naxçıvanda yerli həkimlər tərəfindən uğurla yerinə yetirilir. Müayinə və müalicə üçün vaxtilə başqa yerlərə üz tutanlar bu gün muxtar respublikada səhiyyə xidmətləri ilə tam əhatə olunurlar. Ən əsası isə odur ki, başqa yerlərdə şəfa tapa bilməyən xəstələr bu gün Naxçıvanda şəfa tapırlar. Bu isə onu göstərir ki, muxtar respublika səhiyyəsi özünün ən yüksək inkişaf mərhələsindədir.
Uzun illər baytar həkimi kimi fəaliyyət göstərdiyini qeyd edən Feyzulla Əliyev bildirib ki, o, tibbi prosesləri də yaxından izləyir. Bu gün Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bir çox yeniliklərə imza atıb. Artıq bu səhiyyə müəssisəsinin yüksək ixtisaslı həkimləri tərəfindən müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Sonuncu tibbi əməliyyat da növbəti uğurlardan biridir.