ÜST ekspertləri "Sinovac" və "Sinopharm" şirkətlərinin peyvəndlərini təhlükəsiz və effektli hesab edir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Çinin "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinləri təhlükəsiz və effektli hesab edir.
NUHÇIXAN İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasının "cgtn.com" nəşrinə istinadla xəbər verir ki, ÜST-nin Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) Çin vaksinlərinin kliniki sınaqlarının ilkin nəticələrinin təhlilinin həmin peyvəndlərin COVID-19 infeksiyasına qarşı təhlükəsizlik və yaxşı effektivlik göstərdiyini açıqlayıblar. Ekspertlər həmin vaksinlər haqqında yekun rəy vermək üçün daha çox məlumata ehtiyac olduğunu bildiriblər. Bura vaksinlərin müxtəlif yaş qruplardan olanlara, o cümlədən ahıllara və fərqli xəstəlik daşıyıcılarına təsirləri haqqında məlumatlar daxildir. SAGE-nin yekun qərarından sonra bu vaksinlərin COVAX təşəbbüsü çərçivəsində müxtəlif ölkələrə çatdırılması mümkün olacaq. Hələlik yalnız "Pfizer-BioNTech", "AstraZeneca" və "Johnson & Johnson" şirkətlərinin peyvəndləri COVAX təşəbbüsü üzrə istifadə olunur.
Qeyd edək ki, "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinlər Çin də daxil olmaqla bir neçə ölkədə təcili və kütləvi istifadə üçün təsdiqlənib. Bu vaksinlər Avropa, Latın Amerikası, Afrika və Asiyanın təxminən 70 ölkəsində, o cümlədən Azərbaycanda, Türkiyədə, Braziliyada, İndoneziyada, Malayziyada, Macarıstanda, Serbiyada vaksinasiya prosesində istifadə olunur. Çində əhalinin vaksinasiya prosesində isə bu şirkətlərin peyvəndlərindən indiyədək təxminən 120 milyon doza istifadə olunub.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur. Bu gün Bakıya daha 500 min doza çatdırılıb.