Şərur Rayon Uşaq Xəstəxanasında uşaqların profilaktik tibbi müayinələri aparılır - FOTOLAR
Aprelin 10-dan başlayaraq muxtar respublikada məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinəsinə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Uşaq Xəstəxanasının bir qrup həkimi şagirdlərin yaz mövsümündə dərin tibbi müayinələrini aparmaq üçün rayonun Şəhriyar kənd tam orta məktəbində olub. Pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqada məktəbin 120 şagirdini dərin tibbi müayinələrə cəlb edib. Tibbi müayinələr zamanı dəqiqliyə və keyfiyyətə ciddi nəzarət edilib, dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib. Həmçinin uşaqlar arasında şəxsi gigiyena qaydalarına əməl edilməsinə, COVİD-19 virusundan qorunmasına dair maarifləndirici söhbətlər də aparılıb.
Yaz mövsümünün profilaktik tibbi müayinələri mayın 25-dək davam etdiriləcək.
Qeyd edək ki, uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.
Adilə Səfərova